Cümə , 26 Aprel 2024
Drone Cameras

“Şahənşah” restoranının sahibini şantaj etməyə çalışan müştəri bəzi jurnalistləri də öz toruna sala bildi – mediadan jurnalistə etiraz…

“Əgər həqiqətən də zəhərlənmə baş vermişdisə, bu özünü yaxın 2-3 saat ərzində büruzə verərdi, 4 gündən sonra yox”

Bəzi saytlarda Bakıdakı “Şahənşah” restoranında kütləvi zəhərlənmə baş verdiyi haqqında məlumat yayılıb. İddialara görə, sözügedən restoranda keçirilən toy şənliyində iştirak edən qonaqlardan 50 nəfəri verilən qidalardan zəhərlənib.

  • Zaur Abdullayev: “Biz həmin saytları da, bizi şantaj edən, bizdən əsassız olaraq maddi təzminat tələb edən müştərini də məhkəməyə verəcəyik”

Məsələni araşdırmaq məqsədilə “Şahənşah” restoranı ilə əlaqə saxladıq. Restoranın inzibatçısı Zaur Abdullayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bəzi saytlar dəqiqləşməmiş informasiya yaymaqla restoranın nüfuzuna ciddi zərbə vurublar. Z.Abdullayevin sözlərinə görə, vətəndaş Elvin Məhəmmədovun iddiası əsasında bəzi saytlarda yer alan məlumat birmənalı olaraq həqiqəti əks etdirmir. Onun dediyinə görə, müştərinin bəzi media qurumlarının dəstəyilə restorana qarşı irəli sürdüyü əsassız ittihamlar, vədəndaş tərəfindən restoran rəhbərliyinin şantaj edilməsi birbaşa restoranın işgüzar imicinə zərbə vurur. “Toy 13 noyabr 2019-cu ildə keçirilib, özü də çox yaxşı toy oldu, biz onlara xeyli güzəşt də etdik. Toydan iki gün sonra, yəni noyabrın 15-də isə bəy mənim yanıma gəldi və bildirdi ki, toydan ziyanla çıxıb, anasının rəfiqələri toya gəlib, yeyib içiblər, amma pul yazdırmayıblar. O əvvəlcə dedi ki, mənə güzəşt edin, iki stolun pulunu qaytarın. Mən də dedim ki, üç stolunuz boş qalmışdı, biz də onun birini güzəşt etdik. Bu oğlan normal adama oxşamır, üzünə baxanda bilirsən ki, məqsədi düzgün deyil. O  toyun şəkilləri də, videosu da var. O oğlan bizdən iki stolun pulunu tələb etdikdə biz onu verməkdən imtina etdik. Noyabrın 17-də, saat 15-16 radələrində mənə zəng vurdu və dedi ki, mənə pul verirsən, yoxsa vermirsən? Mən də yenə ona bildirdim ki, sənin iki stolunun boş qalmasının günahkarı restoran deyil, biz sənə pul vermirik. Onda o mənə dedi ki, toyda iştirak edən qonaqlar arasında kütləvi zəhərlənmə baş verib, qonaqlar zəhərlənib. Mən də ona dedim ki, toy ayın 13-ü olub, sən 4 gün sonra gəlib “kütləvi zəhərlənmədən” danışırsan. Əgər həqiqətən də zəhərlənmə baş vermişdisə, bu özünü yaxın 2-3 saat ərzində büruzə verərdi, 4 gündən sonra yox. Bu adam gəlib yalandan deyir ki, qonaqlar zəhərlənib. Elvin adlı müştəri restoranı şantaj edir və bizə qarşı əsassız ittihamlar irəli sürür. O mənə dedi ki, mənə təzminat ödəməsəniz, restoranı biabır edəcəyəm. Həmin adam gedib bəzi saytlara açıqlama verib. Həm o, həm də həmin saytlar bizim restoranın imicinə zərbə vurublar, onun haqqında həqiqətə uyğun olmayan fikirlər yayıblar. Biz həmin saytları da, bizi şantaj edən, bizdən əsassız olaraq maddi təzminat tələb edən müştərini də məhkəməyə verəcəyik. İnanın ki, bu həqiqətə uyğun olmayan informasiya yayıldıqdan sonra müştərilərimiz bizimlə əlaqə saxlayır, narahatlıqlarını bildirirlər. Mən də onlara bunun şantaj olduğunu, bizə şər-böhtan atıldığını deyirəm. Müştərilərin sualları qarşısında qalmışıq. Hamıya izahat veririk ki, bu bizə atılan şər-böhtandır. Bu insan və həmin media orqanları bizim restoranın illərdən bəri qazandığı nüfuza zərbə vurdular. Bəzi mətbuat orqanları dəqiqləşdirilməmiş məlumatlar yaymaqla nüfuz qazanmış restoranın imicinə xələl gətirmək niyyəti güdürlər.

Noyabrın 18-də restoranda yoxlama aparmaq üçün Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gəldilər, biz onlara bütün videogörüntüləri, dəlilləri təqdim etdik. Eyni zamanda, bir neçə telekanaldan çəkiliş aparmaq üçün restorana gəldilər və bir neçə xəstəxanaya zəng vurub onlara kütləvi zəhərlənmə ilə bağlı müraciət edilib-edilmədiyini soruşdular, həmin xəstəxanalardan bildirdilər ki, onlara bu diaqnozla xəstələr daxil olmayıb. Telekanallar bizi şantaj edən oğlana zəng edirlər, o da “mən bu barədə danışmaq istəmirəm” deyir” söyləyən Z.Abdullayev bildirdi ki, restoran rəhbərliyi həm restoranın işgüzar nüfuzuna zərbə vuran müştərini, həm də yalan məlumatı yayan media qurumlarını məhkəməyə verəcək.

  • Müşfiq Ələsgərli: “Çox zaman belə media orqanları rəqabət qruplarının təsir dairəsinə düşürlər”

Jurnalsitlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bizimlə söhbətində bildirdi ki, istər ənənəvi, istərsə də sosial medianın dəqiqləşdirilməmiş informasiya yayması jurnalistlərin peşə kodeksinə uyğun deyil. O qeyd etdi ki, hər bir media qurumunun vəzifəsi ictimaiyyəti narahat edən məsələləri araşdırıb işıqlandırmaqdır, araşdırılmamış məlumatların mediada yer alması müsbət hal deyil. “Jurnalist faktı araşdırmadan, dəqiqləşdirmədən, qarşı tərəfin mövqeyini öyrənmədən o məlumatı yaya bilməz. Faktı araşdırmaq, yayılan məlumatla bağlı qarşı tərəfin rəyini, mövqeyini öyrənmək vacibdir. Bu bizim medianın obyektivlik, qərəzsizlik göstəricisidir. Etik kodeksə görə, jurnalist qarşı tərəfin movqeyi olmadan məlumatı o halda yaya bilər ki, müxtəlif vasitələrlə qarşı tərəfə müraciət etsin, lakin heç bir cavab ala bilməsin, onda onu ictimailəşdirməkdə haqlıdır.

Amma təəssüf ki, bəzi media qurumları bu qaydalara riayət etmirlər. Əvvəllər ənənəvi media bütün qaydalara daha çox əməl edirdi, amma sosial media meydana çıxdıqdan, internetin sürətli inkişafından sonra bu məsələ qeyri-peşəkar KİV-də ikinci dərəcəyə keçib. Sosial media ilə bizim peşəkar KİV qurumunun fərqi ondan ibarətdir ki, sosial media qarşısına çıxan istənilən xəbəri yaya bilir, amma peşəkar media mütləq qarşı tərəfin mövqeyini də öyrənməli, məsələni dərindən araşdırmalı, faktları dəqiqləşdirməli, sonra o məlumatı yaymalıdır. Çox təəssüf ki, son zamanlar bizim bəzi media qurumları da özlərini peşəkar KİV qurumu kimi yox, sosial media, həvəskar xəbər istehsalçıları kimi aparırlar. Əllərinə keçən, eləcə də onlara təqdim edilən informasiyaları yayırlar, amma onun nə kimi fəsadlar törədəcəyinin fərqində olmurlar, qarşı tərəfin işgüzar nüfuzuna vurulan zərbəni nəzərə almırlar. Bu çox ciddi problemdir. Bəzi media qurumlarının şantaj məsələlərinə cəlb edilməsinin səbəbləri bir tərəfdən o media orqanlarında həmin yazıları yazanların qeyri-peşəkarlığıdırsa, digər tərəfdən də onların bəzilərinin müəyyən gəlir müqabilində o yazıları yazmasıdır. Bəzən bu halı yaradan səbəblərdən biri təəssüf ki, informasiyanı dəqiqləşdirmək imkanının olmamasıdır. Yəni qarşı tərəf bununla bağlı açıqlama vermək istəmir, faktları gizlədir.  Bəzən ilkin mənbədən informasiya almaq problem olur. Bu, dünyanın hər yerində olur. İnformasiyanı dəqiqləşdirmək probleminin olması mediaya o əsası vermir ki, qarşısına çıxan hər məlumatı qarşı tərəfin rəyini öyrənmədən işıqlandırsın. Halbuki, o, bütün proseslərə əməl etməlidir”.

M.Ələsgərli təəssüflə qeyd etdi ki, bəzi media qurumları buna əməl etmirlər, onlar nəinki məlumatı dəqiqləşdirmir, heç ona cəhd göstərmirlər. “Buna isə səbəb əsasən qeyri-peşəkarlıq və məsələyə qərəzli yanaşmadır. Bəzi media orqanları iqtisadi qrupların kampaniyalarına qoşulur, onların maraq dairəsindən çıxış edirlər. Bu da müəyyən maddi maraq qarşısında baş verir. Belə deyək, hər bir biznes qurumunun özünün iqtisadi rəqibi var. Çox zaman da belə media orqanları rəqabət qruplarının təsir dairəsinə düşür və bu qurumların xeyrinə olaraq qeyri-dəqiq, əsaslandırılmamış, təxribat, böhtan, şantaj xarakterli materiallar yayırlar. Bu, əlbəttə ki, yolverilməz haldır. Peşəkar media qurumları bu hala yol verməməlidirlər. Amma çox təəssüf ki, belə hallar var, özü də çox geniş yayılıb” – deyə M.Ələsgərli vurğuladı.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …