“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi əsaslı təmir edilib və gəmi ilk səfərinə Türkmənistan istiqamətində çıxıb.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə və vaxtında həyata keçirilib. Belə ki, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və soyuducuları əsaslı təmir edilib. Gəminin köməkçi buxar qazanında və köməkçi qazanında zəruri işlər yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb.
Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultra qısa dalğalı radiostansiyalar, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS), radiolokasiya stansiyası quraşdırılıb.
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb.
“Şahdağ” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb.
Qeyd edək ki, “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5 metr, eni 18,3 metrdir. Gəmi 4 850 ton yükgötürmə qabiliyyətinə malikdir.