Cümə , 29 Mart 2024
Drone Cameras

Sahibkarlar məmur Sahib Quliyevin imzası ilə dövlət qurumlarına göndərilən məktuba etiraz edir – “Ağ yalan danışır”

Redaksiyamıza Sumqayıt şəhərində abadlıq işləri aparıb, bunun müqabilində pullarını icra başçısı Zakir Fərəcovdan ala bilməyən bir qrup sahibkarın imzası ilə etiraz məktubu daxil olub. Sahibkarların başlıca etirazı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabla bağlıdır. Qeyd edək ki, sahibkarların KOB-a ünvanladıqları şikayətin məzmunu Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən onlara çatacaq vəsaitin ödənilməməsində yaranan süründürməçiliklə əlaqəlidir.

Sahibkarlar iddia edirlər ki, Sahib Quliyev həmin məktuba başdansovdu və məmur etikasına uyğun gəlməyən tərzdə cavab verib:

“Hörmətli redaksiya! Sizi həmin məktubda göstərilən rəqəmlərin təqdimatı ilə yormaq istəmirik. Məsələnin mahiyyəti çox sadədir. 2016-cı ildə Sumqayıtın abadlaşdırılmasında iştirak edən bir qrup sahibkar kimi biz Zakir Fərəcovdan öz pullarımızı ala bilmirik. Sahib Quliyev bu işlərdə xəbərsizdir və onun bu məktuba primitiv tərzdə cavab verməsindən görünür ki, Zakir Fərəcov öz məsuliyyətini işdən xəbəri olamayan adamlar arasında bölüşmək üçün belə adamları qabağa verir. Yazılan savadsız və böhtan xarakterli məktubda iddia olunur ki, güya Sumqayıtda görülən abadlıq işləri ilə bağlı sahibkar kimi bizlərə lazım olan vəsaitlər ödənilib. Sahib Quliyev ağ yalan danışır. Bizə pul ödənilibsə, zəhmət olmasa həmin pulun hansı hesab vasitəsilə bizə verildiyini açıqlasınlar.

Maraqlıdır ki, İH-nin rəsmi blankı ilə göndərilən məktubda yalanı bəzi qurumlara sırımaq üçün, nə qədər ağac əkildiyi, hansı sayda oturacağın quraşdırıldı və görülən digər işlərlə bağlı hesabat xarakterli məlumatlar verilir. Bizdə bilirik ki, həmin işlər görülüb. Ancaq Sahib Quliyev niyə özgənin pulu ilə görülən işləri öz adına bağlamaqla bu faktorla öyünmək istəyir?

Məlumdur ki, ölkədə korrupsiya ilə mübarizə sahəsində ciddi işlər görülür. Anti-korrupsiya tədbirləri çərçivəsində bir sıra rayonların icra başçıları da həbs edilib. Həmin həbslərlə bağlı ictimailəşən rəsmi informasiyalardan biz gördük ki, həbs olunan icra başçılarının hamısı rayonlardan abadlıq işlərinin görülməsi adı ilə sahibkarlardan haqq toplayıblar. Bizim rastlaşdığımız vəziyyət daha acınacaqlıdır. Bizə gördüyümüz işin və abadlıq üçün təqdim etdiyimiz tikinti materiallarının pulunu ödəməyiblər.

Cənab Prezidenti dəfələrlə çıxışlarında bu amilə toxunub. Yeni təyin olunan gənc icra başılarını qəbul edərkən, iş adamlarının incidilməsinə tamamilə son qoyulmasını onların qarşısında vacib tapşırıq kimi qoyub. Ancaq təəssüflər olsun ki, Zakir Fərəcova hazırda mətbuat xidməti görəvini göstərən Sahib Quliyev iş adamlarına İH tərəfindən olunan bu haqsızlıqlara başqa don geyindirməklə, ictimai rəyi başqa samtə yönəltmək istəyir. Biz Sahib Quliyevin iş prinsipinə yaxşı bələdik. Onun Bakının Nizami rayonu və Gəncə şəhərindəki fəaliyyəti hamımızın gözünün önündə olub. Yaxşı olar ki, Sahib Quliyev həmin işlədiyi yerlərdə baş verən hadisələr barədə obyektiv şərhlər versin.

Hörmətli redaksiya! Biz öz halal pulumuzdan başqa nəsə istəmirik. Ancaq İH adından yazılan rəsmi məktubda bu halı kiminsə adı ilə bağlayıb, fərdiləşdirməyə can atılır. Cənab Prezident çıxışlarında dəfələrlə məmurlara vətəndaşların ağası yox, xidmətçisi olduqlarını xatırladıb. İndi siz Sahib Quliyevin yazdığı məktubun məzmumundakı ritorikaya fikir verin. Görün orada öz haqqını tələb edən sahibkarlar hansı formada aşağılanır. Bu, onu deməyə əsas verir ki, Sumqayıt İH Prezidentin verdiyi tapşırıqlara məhəl qoymadan fəaliyyət göstərir. Yenə ölkə başçısına istinad etmək istərdik. Son müşavirədə cənab Prezident iri vergi ödəyiciləri olan şirkətlərin fəaliyyətini kəskin tənqid etdi. Həmin çıxışda Prezident eyni zamanda bildirdi ki, ölkədə şəffaflığın artırılması üçün ictimai nəzarətin güclənməsinə ciddi ehtiyac var. Hətta bununla bağlı mediaya, QHT-lərə ziyalılara çağrış da etdi ki, ictimai nəzarətin güclənməsində fəallıq nümayiş etdirsinlər. Anoloji məzmunda müraciəti Prezident bundan əvvəl də vətəndaşlara xitabən etmişdi. İndi siz məmur olan Sahiq Quliyevin rəsmi məktubda seçdiyi tona fikir verin. O, rəsmi qurumlara şikayət ünvanlayan vətəndaşın əməlini dələduzluq kimi qiymətləndirir. Bir məmur nə qədər özünə və güvəndiyi adama araxyın olmalıdır ki, ölkə rəhbərliyinin qoyduğu tələbə belə öz ampluasından yanaşmağa cəsarət tapsın? Bununla bir daha sübut olunur ki, İcra Hakimiyyəti bizim pulumuzu verməmək üçün barəmizdə istənilən böhtanı uydurmaq, hətta bizi şantaj etmək yolunu belə tutub. Ancaq haqq nazilsə də, heç vaxt üzülən deyil. Əminik ki, ölkədə məmur özbaşınalığına qarşı aparılan tədbirlər çərçivəsində bizim də hüquqlarımıza təminat veriləcək. Bizi aldadanları isə bu gün həbsxanadakı icra başılarının aqibəti gözləyir” .

Şikayətdə adları qeyd olunan şəxslərin də fikirlərinə yer verməyə hazırıq.

Check Also

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

 Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …