Şənbə , 20 Aprel 2024
Drone Cameras

Sahil Tahirlinin “Yaratmaq amalı” kitabı gənclərə təqdim edilib – VİDEO

Boyukmillet.com xəbər verir ki, Naxçıvan şəhərindəki Saat Meydanı Turistik İstirahət Mərkəzində “Yaratmaq Amalı” kitabının müəllifi, jurnalist Sahil Tahirli ilə gənc oxucuların görüşü olub.

Görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib ki, ötən il noyabrın 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında Ali Məclisin Sədri muxtar respublikada nəşr olunan kitablardan gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib. Həmin kitablar sırasında Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, jurnalist Sahil Tahirlinin “Yaratmaq amalı” kitabı da yer alıb.

Cəbi Quliyev deyib ki, kitab mövzu və məzmun, forma-metodiki cəhətdən zəngindir. Aktual mövzulu analitik və satirik-publisistik məqalələrin öz əksini tapdığı kitab dərs vəsaiti kimi də gənclərin jurnalistlətin hazırlanmasında mühüm mənbə rolunu oynayır.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, “Yaratmaq Amalı” kitabının müəllifi Sahil Tahirli deyib ki, “Yaratmaq Amalı” kitabı Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə işıq üzü görüb.

Tədbirdə vurğulanıb ki, kitabda müəllifin son 3 il ərzində ölkəmizin aparıcı qəzet, agentlik və elektron resurslarında dərc edilən siyasi-analitik və satirik-publisistik məqalələrinin bir qismi toplanıb. “Yaratmaq amalı”, “Hər anımız Vətən desin”, “Dördüncü güc” və “Satirik qələmlə” bölmələrində təqdim edilən məqalələrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan və bu gün uğurla davam etdirilən sosial-iqtisadi islahatlar müəllifin özünəməxsus dəst-xətti ilə oxuculara çatdırılır. Rəngarəng mövzuları əhatə edən məqalələrdə Naxçıvanın reallıqları, tarix və mədəniyyəti, turizm potensialı, dövlətçilik ənənələri, sosial-iqtisadi mənzərəsi hərtərəfli ifadə və təhlil edilir. Kitabın “Hər anımız Vətən desin” bölməsində təqdim olunan məqalələrdə Naxçıvandan başlanan ordu quruculuğunun real nəticələri, günümüzdə bu sahədə aparılan səmərəli islahatlar və əldə olunan qələbələr öz əksini tapıb. “Dördüncü güc” bölməsində isə muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı və səmərəli fəaliyyəti istiqamətində həyata keçirilən tədbirlər, Naxçıvan mediasının uğurları diqqətə çatdırılıb. Həmçinin müəllif satirik qələmi ilə günümüzün aktual məsələ və problemlərinə də öz vətəndaş və jurnalist münasibətini bildirib. Kitab mövzulara aid fotoşəkil və karikaturalarla daha da zənginləşdirilib.

Fəal gənc Hüseyn Kazımov bildirib ki, bu kitab müəllifin böyük uğuru olmaqla yanaşı, biz gənclərin muxtar respublikanın tarixinə, ictimai-siyasi, sosial-iqtisadi inkişafına bələd olmağımıza, eyni zamanda vətənpərvər gənc kimi formalaşmağımıza mühüm töhfədir.

Tədbirdə Naxçıvan Televiziyasının əməkdaşları Yaqub İsayev və Elnurə Tahir “Yaratmaq Amalı” kitabında yer alan “Bizə çayxana lazımdı, yoxsa kitabxana?!” məqaləsini səsləndiriblər.

Diskussiya şəklində keçən görüşdə müəllif gənclərin suallarını cavablandırıb,  sosial şəbəkələrdən səmərəli istifadə və gənclərin aktivliyi, vətəndaş cəmiyyəti quruculuğu, kitab mütaliəsi, gənclərin vətənpərvərlik tərbiyəsi mövzularında fikir mübadiləsi aparılıb.

Naxçıvan Televiziyasının hazırladığı “Azərbaycanın ürəyidir Naxçıvan” filmi nümayiş olunduqdan sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib.

Görüşdə müəllif kitabını gənc oxuculara hədiyyə edib.

Turab Hacızadə

Check Also

11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri …