Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Şahin Diniyev: “Bir xal bizim üçün qızıla bərabərdir”

“Qələbə bizim üçün çox vacib idi. Amma 1 xal qızıla bərabərdir. Ümid edirəm ki, bu xal may ayında bizə çox lazım olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə qazanmaq üçün çıxdığını bildirib: “Ona görə də hücumların sayı, qol epizodları çox idi. Nəticənin ədalətli olduğunu deməzdim. Qol epizodları bizdə daha çox oldu. İlk hissədə əla oynadıq. Ardıcıl uğursuz matçlardan sonra bu gün öz oyunumuzu göstərməyə çalışdıq”.

Onun sözlərinə görə, komandanın hazırkı mövqeyi üzərilərində psixoloji təzyiq yaradır: “Üstümüzdə uduzmaq xofu var. Mənə elə gəlir ki, tezliklə keçəcək. Zədədən qayıdan futbolçularımız tam formada deyillər. Millinin oyunları ilə bağlı yaranacaq fasilədən istifadə etməklə çatışmazlığı aradan qaldıra bilərik. Dördüncü dövrədə daha inamlı oynayacağımıza ümid edirəm. Rəqibə təşəkkür edirəm. Çox yaxşı müdafiə olunub əks hücumlarda oynamağa çalışırdılar. Qapımız qarşısında çox qol epizodu yaratmalarına imkan vermədik”.

Təcrübəli baş məşqçi Mirabdulla Abbasovu meydana buraxmamasının səbəbini də açıqlayıb: “Bu gün düşdüyümüz duruma görə səhv qərarlar verə bilərdik. Luvaqa Kizito zədədən yenicə qayıdıb. Aqressiv futbolçudur. “Qarabağ”a qarşı ötən tur keçirdiyimiz oyunda istifadə edə bilmədiyi 3 qol epizodu var idi. Düşündüm ki, artıq formaya düşüb, fərqlənə bilər. Mirabdullaya daha çox boş zona lazımdır ki, sürəti hesabına təhlükə yaratsın. “Turan Tovuz” isə müdafiədə otururaq bizə boş zona vermədi. Müdafiəni yarmaq üçün texniki cəhətdən daha hazır olan iki futbolçu – Kizito və Ağabala Ramazanova şans verdim. Bu addımıma görə peşman deyiləm”.

Mütəxəssis Qustavo de Fransanın bu mövsüm iki dəfə qırmızı vərəqə almasına da toxunub: “Müdafiəçi təkbətək mübarizələrdə sürəti çatmayanda qırmızı vərəqələr alır. Yəni, hakimi, rəqibi təhqir etməyib. Sırf oyun epizodlarıdır. Hər bir oyunçuma inamım böyükdür. 4-5 gün məşq etməmişdi. Ona görə gənc müdafiəçi Vüqar Həsənovu meydana buraxdıq. Pis təsir bağışlamadı. Sevindirici haldır ki, bizdə belə müdafiəçilər var”.

Diniyevinn fikrincə, bu oyun gələcəyə nikbin baxmağa imkan verir: “Hücumda böyük potensialımız var. Ön xətt oyunçularının tam formaya düşməsindən sonra daha çox qol vurmağa çalışacağıq. Bəlkə də bu sualı “Sumqayıt”la oyundan sonra versəydiniz, cavab verməkdən yayına bilərdim. Amma “Turan Tovuz” elə-belə komanda deyil, müdafiədə çox mükəmməl oynayır. Belə müdafiəni bir neçə dəfə yarmaq asan deyil”.

O, nadir hallarda meydana çıxan Turan Manafova getdikcə daha çox şans verəcəyini vurğulayıb: “Potensialı olan futbolçudur. “Şamaxı” ilə oyuna start heyətində çıxmalı idi. Sadəcə, zədələndiyi üçün oynaya bilmədi. Uzun müddət müalicə aldı. Onun mövqeyində oynayan Petro Stasyuk da zəif deyil. Hər oyunumuz finala bərabər olduğu üçün risk etməyə qorxurdum. Ona görə də hər matçda az-az oynamasına imkan yaradırıq. Formaya düşdükcə, əvvəlki Turan olacaq”.

Check Also

17 yaşlı futbolçu Neymarın rekordunu qırıb

Braziliyanın “Palmeyras” klubunun futbolçusu Estevao Villian Neymarın rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, 17 yaşlı …