Bazar , 2 İyun 2024
Drone Cameras

Samir Adıgözəlli: “Artıq demokratiya adı ilə müdaxilə aktuallığını itirdiyi üçün, yeni adla başqa ölkələri nəzarətdə saxlamağa çalışırlar”.

Məlum olduğu kimi, ABŞ Senatında pandemiya dövründə insan hüquqları ilə bağlı iki qanun layihəsi irəli sürülüb: “Pandemiya zamanı insan hüquqlarının müdafiəsi” və “COVID-19-a qarşı mübarizə haqqında Beynəlxalq qanun”. Sözügedən qanunlar sui-istifadələrə qarşı mübarizə və insan hüquqlarının müdafiəsində ABŞ-ın aparıcı rol oynamasını nəzərdə tutur. Senat hesab edir ki, dünyada avtoritar rejimlər COVID-19-dan tənqidi boğmaq üçün istifadə edir və öz ölkələrində senzura tətbiqini reallaşdırırlar.

Birinci qanun layihəsini senatorlar Edvard Marki, Marşa Blekbern, Ben Kardin, Rocer Viker və Ceff Merkli, həmçinin konqresmenlər Ceyms Makqovern, Enn Vaqner və Tom Malinovski təqdim edib. Sənəddə pandemiya bəhanəsi ilə insan hüquqları pozuntularının artmasının qarşısının alınması məqsədilə Dövlət Departamenti və USAİD tərəfindən plan hazırlanması nəzərdə tutulur. Qanun layihəsi qəbul edilərsə, Dövlət Departamentinin üzərinə koronavirusa qarşı mübarizə adı altında hədsiz tədbirlərdən sui-istifadə haqqında faktlarla bağlı məlumat toplamaq və məlumatlandırmaq öhdəliyi qoyulacaq. Digər qanun layihəsini senatorlar Bob Menendes, Ben Kardin, Cin Şahin, Kris Kuns, Tim Keyn, Ceff Merkli, Ed Marki və Kori Buker təqdim edib. Sənəd Tramp administrasiyasını “COVID-19-un yayılmasını dayandırmaq üçün digər ölkələr, beynəlxalq təşkilatlar və çoxtərəfli forumlarla konstruktiv şəkildə qarşılıqı fəaliyyət göstərməyə” məcbur etməyə yönəlib. Hər iki qanun layihəsinin yaxın günlərdə təsdiq ediləcəyi gözlənir. Belə bir qanun layihəsinin qəbulu dövlətlərin daxili işinə müdaxilə ehtimalını nə dərəcədə mümkün edir?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hələ qanun layihəsi hazır olmamış, müzakirələrin gedişində ölkəmizə yönəlik bir qarayaxmanın şahidi olduq:“Qanun layihəsinin hazırlanmasında iştirak edən konqresmenlər bildiriblər ki, bir sıra ölkələrdə pandemiya dövründə azadlıqların məhdudlaşdırılması kəskin şəkildə artıb. Bu xüsusda Azərbaycanın da adını çəkiblər. Məlum məsələdir ki, Azərbaycanla bağlı deyilənlər reallığı əks etdirmir. Görünən odur ki, bu kimi qanunlar müəyyən məqsədlərə xidmət edir. Hər zaman dünyanın böyük gücləri müəyyən ideologiyanı əlində əsas tutaraq, başqa ölkələri öz nəzarətində saxlamağa çalışıblar. Eyni məntiqlə yanaşsaq ortaya bu sual da çıxır: SSRİ qoşunları Əfqanıstanda, Şərqi Avropada nə gəzirdi? Onlar da güya yerli əhalinin kommunist çağrışlarına dəstək adı ilə həmin ölkələrə qoşun yeridirdilər. Əsas məqsəd isə başqaydı – kommunizmin ixracı adı ilə yeni əraziləri zəbt etmək. Eyni siyasəti ABŞ da demokratiya adı ilə uzun müddət həyata keçirdi. Həmin supergüc də demokratiyanın  bərpası adı ilə başqa ölkələrin daxili işinə müdaxilələr edirdi. Pandemiyadan sonra dünyada yeni düzənin, idarəetmənin formalaşacağının anonsu verilirdi. Görünür, ABŞ da bu dönəmdən ciddi yararlanmaq istəyir. Artıq demokratiya adı ilə müdaxilə aktuallığını itirdiyi üçün, yeni adla başqa ölkələri nəzarətdə saxlamağa çalışırlar. Azərbaycan beynəlxalq aləmin bir hissəsidir. Biz dünyadakı inteqrasiya proseslərində yaxından iştirak edirik. Ancaq milli identikliyimizi də qoruyuruq. Ölkə başçısı dəfələrlə çıxışlarında bildirib ki, Avropanın bəzi strukturları bizə qarşı qərəz nümayiş etdirir, bunun da kökündə ölkəmizə təzyiq amilləri durur. Bununla bir daha sübut edilir ki, bizim daxili işlərimizə müdaxilə elementləri olan hansısa qanun layihəsini imzalamağımız məqəsədəmüvafiq deyil. Bütün bu detallar dərindən araşdırılmalıdır. Belə təhlükə olmayacağı təqdirdə, biz də  prosesdə yaxından iştirak edə bilərik”.

Check Also

Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah …