Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində növbəti dəfə kütləvi məzarlıq aşkarlanıb. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
O bildirib ki, aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid edilən sümüklər üzə çıxıb, onlardan 11-i bütöv, 6-sı isə skeletin hissələri şəklində tapılıb: “Şuşa həbsxanası ərazisindəki çirkab quyusunda aşkarlanmış kütləvi məzarlıqla bağlı dəhşətli faktlardan biri də 6 nəfərin qalıqlarının qarın nahiyəsində mismarların aşkarlanmasıdır ki, bu da həmin şəxslərə bu üsulla işgəncə verildiyini göstərir. Eyni zamanda, qalıqlara keçirilən ilkin baxış zamanı həmin şəxslərin bədənləri üzərində güllələnmə izlərinin olduğu, müxtəlif küt zərbələr endirildiyi, kəsici-deşici alətlərdən istifadə edildiyi, habelə başlarının bədəndən ayrı olaraq dəfn edildiyi məlum olub.
Qeyd edək ki, Ermənistan tərəfindən işğal dövründə Şuşa həbsxanası ərazisində azərbaycanlı əsir və girovların saxlanılması, onlara işgəncələr verilməsi, qeyri-insani rəftara məruz qalmaları müxtəlif şahid ifadələri ilə təsdiqlənmişdir. Bundan öncə iyun ayında da Şuşa həbsxanası ərazisində insan qalıqları üzə çıxmışdı.
Bu faktlar Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətinin, əsir və girovlarla amansız rəftarının daha bir təzahürüdür. Təəssüf ki, beynəlxalq səviyyədə təzyiqlərin olmaması, uzun illər davam etmiş cəzasızlıq mühiti nəticəsində Ermənistan qanunsuz əməllərini rahatlıqla davam etdirir və dünya ictimaiyyətinin diqqətini öz dəhşətli əməllərindən yayındırmaq məqsədilə hazırda müxtəlif dairələrə müraciətlər ünvanlayaraq saxta iddialarını yeritməyə çalışır.
Ümumilikdə, azad edilmiş ərazilərimizdə bugünədək çoxsaylı kütləvi məzarlıqlar üzə çıxmış, 500-ə yaxın insan qalıqları tapılmışdır. Ermənistan tərəfi isə kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırır. Buna baxmayaraq, hazırda aidiyyəti qurumlar tərəfindən Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi məqsədilə növbəti kütləvi dəfn yerlərinin aşkarlanması və müvafiq ekspertizaların aparılması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Ombudsmanı olaraq, itkin düşmüş soydaşlarımızın taleyi məsələsini dəfələrlə beynəlxalq təşkilatlar qarşısında qaldırmış, həmin şəxslərin ailələrinin uzun illərdir davam edən iztirablarına son qoyulması üçün bu mövzuda ölkəmizə dəstək verilməsi ilə bağlı müraciətlər etmişəm.
Bütün qeyd olunanları nəzərə alaraq, bir daha beynəlxalq təşkilatları aşkar edilən bu cür faktlara qəti reaksiya verməyə, nifrət cinayətlərinin təkrarlanmaması üçün zəruri tədbirlər görməyə, Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə məlumatların təqdim edilməsinə çağırmağa dəvət edirəm”, – o deyib.
Qeyd edək ki, avqustun 1-dən 15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.
Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.
Ağrılı hallardan biri odur ki, azərbaycanlıların meyitlərinin qalıqları Şuşa həbsxanasının çirkab qusuyunda aşkarlanıb. İnsanlarımızın cəsədlərinə qarşı bu hərəkət nəyin əlamətidir?
Görmüşük ki, işgəncə də edərlər, öldürərlər də, tikə-parça da edərlər, amma öldürülənləri dəfn edərlər. Qətlə yetirilənləri dəfn etymək başqa şeydir, çirkab qurusuna atmaq isə artıq nifrətin ifadə olunmayan bir hissəsidir. Onları ya işgəncə edib diri-diri, ya da öldürüb çirkab quyusuna atıblar, heç basdırmağı da rəva görməyiblər.
- “İnsanlıq əleyhinə misilsiz bir cinayətdir”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində “Bu, insanlıq əleyhinə misilsiz bir cinayətdir”-deyə bildirdi.
S.Adıgözəlli hesab edir ki, Şuşa həbsxanasının kanalizasiyasına, çirkab quyusuna atılmış meyitlərin qalıqlarının aşkarlanması dəhşətli bir faktdır. “Xüsusilə də çirkab qurusuna atılan insanların amansızlıqla işgəncəyə məruz qoyulması dəhşətverici bir haldır. Bu, ermənilərin Azərbaycan türklərinə qarşı yüz ildən bəri divam etdirdiyi nifrətin çox yüksək həddidir. Daşnaklar xalqımıza qarşı bir əsrdən çoxdur ki, soyqırım aktlarını davam etdirir və bu soyqırımlar, kütləvi qırğınlarla bağlı əhəmiyyətli faktlar dünya ictimaiyyətinə çatdırılır. Amma təəssüflər olsun ki, hələ də dünya ictimaiyyəti bu faktları ciddiyə almır. Şuşa həbsxanasının çirkab qurusundan aşkarlanan meyit qalıqlarının üzərində dəhşətli işgəncə izlərinin olması, onların qarınlarına mismar vurulması elə dəhşətli faktdır ki, bu barədə sakit danışmaq olmur. Nə qədər qəddar, qansız olmalısan ki, incanları işgəncə ilə öldürdükdən sonra meyitlərini çirkab quyusuna atasan. Bu, erməni şovinstlərinin azərbaycanlılara qarşı sərhədsiz nifrətini nümayiş etdirir. Birmənalı olaraq bütün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti ermənilərin bu tükürpədici, insanlıqdan kənar cinayətinə reaksiya verməlidir. Bu elə-belə faktlar deyil. Bir xalqda digər xalqa qarşı belə sərhədsiz nifrətin olması çox təhlükəli məqamdır. Şübhəsiz, Azərbaycanın rəsmi qurumları bu faktı beynəlxalq ictimaiyyətə və müvafiq beynəlxalq qurumlara çatdıracaqlar, amma beynəlxalq təşkilatların bu fakta reaksiyası necə olacaq, Ermənistana gerçəkdən təzyiq göstərəcəkmi? Bu qətliam faktı ortadadır və beynəlxalq təşkilatlar hərəkətə keçməlidir. Beynəlxalq təşkilatlar bu qətliamların tördilməsinə əmr verənlər, bu qətliamı törətdirənlər, bu mənfur prosesə rəhbərlik edənlər barədə xüsusi tədbir görməlidir. Hesab edirəm ki, tarixdə ikinci belə kin-nifrət olmayıb. Kütləvi qırğınlar olub, amma heç bir xalq ermənilər kimi hərəkət etməyib, öldürdükləri şəxsləri çirkab quyularına atmayıblar. Bu dəhşətli bir faktdır, yenə də deyirəm, beynəlxalq təşkilatlar hərəkətə keçməlidirlər”-deyə S.Adıgözəlli qeyd etdi.
İradə SARIYEVA