Cümə , 26 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Bütün bunların fonunda iki ölkə arasında sülh razılaşması da imzalana bilər”

Rəsmi Bakı Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov  Bakıda səfərdə olan Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə danışıb:

“Ümid edirik ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq”.

O deyib ki, bir çoxu böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərir: “Dərin böhrana Ermənistanın onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir”.

Ceyhun Bayramov Qarabağla bağlı üçtərəfli bəyanatın bəzi müddəalarının icrasının gecikdiyini deyib: “Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycan rəsmiləri Ermənistandakı seçkidən sonra həmin ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümidlərin olduğunu bəyan edib. Ceyhun Bayramovun açıqlamasından bir daha görünür ki, Azərbaycan bundan sonrakı dönəmdə Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Ermənistandan bu yöndə hansı addımları gözləmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir qədər sadə dillə ifadə olunsa, ermənilərin bu seçimi bizim üçün də məqbuldu: “Çünki hətta Prezidentimiz dedi ki, Ermənistandakı seçkilərdən sonra həmin ölkə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirəcək. Bu seçim Köçəryan olsaydı, proses tormozlana bilərdi. Çünki Köçəryan müharibə tərəfdarıdır. Paşinyanın qələbəsi o deməkdir ki, Ermənistan əhalisinin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir və qonşularla münasibətlərin nizamlanmasında maraqlıdır. Bununla Ermənistan cəmiyyəti bu seçimlə həm də müharibənin və işğalın məmarları olan  “Qarabağ klanına” yox dedi. Göründü ki, Ermənistan cəmiyyəti başqasının ərazisinin ilhaqı siyasətinə görə rahatlığını bir daha pozmaq istəmir. Rusiya birmənalı Nikol Paşinyanın rəqibi Robert Köçəryanı dəstəkləyirdi. Köçəryan Moskvaya çağırıldı. O, Rusiyanın dövlət televiziya kanalına geniş müsahibə verdikdən sonra Vladimir Putinlə bir saat müzakirə apardı. Köçəryan bu söhbətdən sonra Ermənistana geri qayıdaraq seçki blokunu formalaşdırdı. Köçəryan seçki kampaniyası dövründə ikinci dəfə də Vladimir Putinlə telefonla danışdı. Bütün bunlar ona verilən açıq dəstək idi.

Köçəryan seçki kampaniyası dövründə “Şuşa və Hadrutu geri qaytaracam” deməklə revanşist əhvalda olduğunu ortaya qoydu. İtki verən ermənilər üçün bu, yeni müharibə anonsuydu. Bundan sonra hər şey Nikol Paşinyanın özündən asılıdır. O, bölgədə gerçək sülh və əməkdaşlıq istəyirsə, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir.  Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, kommunikasiyaların bərpası ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bundan sonra Ermənistanın regional layihələrə qoşulması imkanları artacaq. Bütün bunların fonunda iki ölkə arasında sülh razılaşması da imzalana bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …