Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “…Ermənistanın özü üçün bir təhlükəyə çevrilib”

Erməni lobbisinin uzun illərdir gözü bir-birini əvəzləyən ABŞ prezidentlərinin ağzında idi ki, görəsən hansı prezident 24 aprel çıxışında qondarma “erməni soyqırımı” ifadəsini işlədəcək. Barak Obama,  Tramp, onlardan əvvəlkilər erməni lobbisini ümidləndirdilər, onları Bayden “arzularına çatdırdı”.

Maraqlıdır, C.Baydenin “soyqırım” bəyanatı ermənilər tərəfindən elə də sevinclə qarşılanmadı, bundan Ermənistan müxalifəti də narazı qalıb, Türkiyənin erməni din xadimləri də buna tənqidi yanaşıblar. Rusiyanın “RT” kanalının baş redaktoru Marqarita Simonyan da Baydeni öz teleqram kanalında sərt tənqid edib və açıq bildirib ki, “ermənilər ABŞ üçün anbarda saxlanan bir silahdır…”. Erməni jurnalist ABŞ-ın yüz ildir bu “soyqırım”ı tanımadığını bildirib. O, Baydenin bugünkü açıqlamasının səbəbinin geosiyasi vəziyyət olduğunu vurğulayıb: “Əslində ABŞ-ın ermənilərə münasibəti yoxdur – nə yaxşı, nə də pis. Ermənilər ABŞ üçün sadəcə bir silahdır. Hansı ki, yüz ildir bir anbarda saxlanırdı”.

Erməni ictimaiyyətinin Baydenin açıqlamasına tənqidi yanaşması nə ilə bağlı ola bilər, bu, erməni lobbisi ilə erməni toplumu arasında uçurumun yarandığına dəlalət etmirmi?

Ekspertlər deyirlər ki, artıq ermənilərin özlərinin içində qondarma “erməni soyqırımı”nı qəbul etməyən qüvvələr meydana çıxmağa başlayır. Onların fikrincə, “erməni soyqırımı” iddiasının uzun illərdir dövriyyədə olmasının əsas səbəbkarı Qərb dövlətləri olub ki, onlar da bu qondarma iddiadan Türkiyəyə qarşı təzyiq kimi istifadə edirlər. Ekspertlərin sözlərinə görə, ermənilər özləri də yaxşı bilirlər ki, “erməni soyqırımı” deyilən hadisə olmayıb, sadəcə, erməni lobbisi xalqın bu sərsəm məsələdən qopmasına icazə vermir. Amma görünən odur ki, ermənilər artıq erməni lobbisinin və Qərb dövlətlərinin oyunlarına getmək istəmirlər.

  • “Son illər xaricdəki erməni lobbisi ilə erməni cəmiyyəti arasında ciddi fikir ayrılığı olub, bu özünü Baydenin işlətdiyi “erməni soyqırımı” ifadəsinə sərt yanaşmada da göstərir

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, əvvəla Bayden öz çıxışında “erməni soyqırımı” ifadəsini işlətməklə həqiqi soyqırıma məruz qalan xalqların soyqırım həqiqətlərinə hörmətsizlik nümayiş etdirdi. Bunun heç bir tarixi, hüquqi, siyasi bir yanaşma olmadığını deyən S.Adıgözəllinin sözlərinə görə, “soyqırım” ifadəsi işlətmək ABŞ rəhbərinə yaraşmayan bir haldır. “O, ABŞ prezidenti kimi yaxşı bilməlidir ki, 1949-cu ildə BMT Baş Assambleyası tərəfindən soyqırım faktlarına qarşı və onun qarşısının alınması, cəzaların verilməsi  ilə bağlı konvensiya qəbul olunub. Bu, 1949-cu ildən bu yana şamil olunur. Bu baxımdan, Holokost qurbanları soyqırım qurbanları kimi anılır, yəhudi soyqırımı tanınır. Digər bir tərəfdən, 2019-cu ildə ABŞ Konqresi “soyqırım” qətnaməsi qəbul etdi, Fransa və bir neçə Avropa dövləti də həmçinin. Bunların bu illər ərzində heç bir nəticəsi olmadı. Ermənilər, Ermənistan daha da məyus vəziyyətə düşdü. Erməni ictimaiyyətinin Baydenin açıqlamasına etiraz etməsi onu göstərir ki, artıq ermənilər arasında da gözü açılanlar, həqiqəti görməyi bacaranlar var. Artıq ermənilər bilirlər ki, qondarma “erməni soyqırımı” layihəsi ABŞ-dakı erməni lobbisinin Amerika daxilində apardığı bir oyundur. Baydenin bu açıqlaması əsasən iki məsələyə hesablanıb. Biri daxili, digəri də beynəlxalq siyasətlə bağlıdır. Erməni toplumu artıq anlayır ki, erməni lobbisi ermənilər və Ermənistanın özü üçün bir təhlükəyə çevrilib. Ermənilər yaxşı anlayırlar ki, Baydenin “soyqırım” bəyanatının Ermənistana və ermənilərə heç bir faydası yoxdur, ona görə də narazılıqlarını ortaya qoyurlar. Eyni zamanda da bilirlər ki, bu ancaq öz oyunlarını davam etdirmək üçün erməni lobbisinə lazımdır”.

S.Adıgözəllinin sözlərinə görə, Baydenin bu açıqlamasının sülh prosesinə də ciddi ziyan vurduğunu erməni toplumu yaxşı anlayır. Ermənilər indi anlayırlar ki, uzun illər erməni lobbisi öz ətrafını genişləndirmək üçün saxta “soyqırım” məsələsini gündəmdə saxlayıb. Amma “soyqırım” iddiasının sadə ermənilərə, Ermənistanın gələcək inkişafına zərər vurduğunu deyən S.Adıgözəlli hesab edir ki, ermənilər tez bir zamanda bu iddianın tarixə gömülməsini istəyir, amma lobbi buna imkan vermir: “Son illər xaricdəki erməni lobbisi ilə erməni cəmiyyəti arasında ciddi fikir ayrılığı olub, bu özünü Baydenin işlətdiyi “erməni soyqırımı” ifadəsinə sərt yanaşmada da göstərir” – deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …