Şənbə , 20 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Məhərrəmlik mərasimlərində məsciddə üçrəngli bayrağımızın qaldırılması İrandakı məlum qüvvələri narahat edib…”

Böyük Britaniyadakı səfirliyimizdən sonra Təbrizdəki konsulluğumuza qarşı təxribat baş verib. “Fars” xəbər agentliyi Azərbaycanın Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqların asıldığını yazıb və buna dair fotolar paylaşıb. 

Azərbaycanda guya dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların “dindar gənclər” tərəfindən asıldığını iddia edib. Sosial media fəalları isə öz paylaşımlarında bunun SEPAH və yarımhərbi “Bəsic” qüvvələri tərəfindən edildiyini bildiriblər.

Londondan sonra Təbriz konsulluğumuza qarşı təxribat təşadüfdürmü?

  • “Burada təsadüf axtarmaq doğru deyil, hər iki təxribat arasında oxşarlıqlar var”

İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bunun heç də təsadüf olmadığını qeyd etdi: “Burada təsadüf axtarmaq doğru deyil, hər iki təxribat arasında oxşarlıqlar var. Əslində, bu təxribatlar gözlənilən idi. Məhərrəm ayında radikal dini qruplar tərəfindən Azərbaycana qarşı təxribatların baş verməsi anti-Azərbaycan qüvvələrinin, radikalların daha təşkilatlanmış vəziyyətdə fəaliyyətə keçdiklərini göstərir. Bu gün bəziləri iddia edir ki, guya Londonda baş verənlərdə İranın əli yoxdur. Amma Təbrizdəki konsulluğumuza qarşı təxribatlar onu göstərir ki, Londondakı təxribatın arxasında da hansısa formada İran var. Yoxsa Londondakı hadisədən sonra nə üçün konsulluğumuzun yan-yörəsinə dini bayraqlar, atributlar asılırdı? Konsuluğumuza qarşı təxribatda sadə insanların, dindar gənclərin iştirakı inandırıcı görünmür, bu elə SEPAH-ın və İranın xüsusi xidmət orqanlarına yaxın təşkilatların, terror qruplarına bağlı qurumların işidir. Belə götürsək, dində bayraq yoxdur və əslində bunu özlərindən uydurublar. Bu bayraq məsələsini din adamları daha yaxşı şərh edə bilərlər. İddia edirlər ki, guya Azərbaycanda Məhərrəm ayının keçirilməsi ilə bağlı dövlət tərəfindən hansısa məhdudiyyətlər var. Bu qətiyyən qəbuledilməzdir, tamamilə uydurma bir iddiadır. Hesab edirəm ki, burada məkrli məqsəd  var. Bir neçə gün əvvəl Məhərrəmlik mərasimlərində ölkə dindarları Azərbaycan bayrağı qaldırdılar, nümayiş etdirdilər. Görünür, bizim dindarlar tərəfindən Məhərrəmlik mərasimlərində məsciddə üçrəngli bayrağımızın qaldırılması İrandakı məlum qüvvələri narahat edib və bunu həzm edə  bilmirlər, bu səbəbdən də məlum təxribata əl atıblar”.

S.Adıgözəlli qeyd edir ki, hər bir ölkənin öz qanunları var və heç bir ölkənin başqa ölkənin işinə qarışmaq ixtiyarı yoxdur. Dini mərasimlərin hər ölkənin öz qanunlarına uyğun keçirildiyini vurğulyan S.Adıgözəlli qeyd etdi ki, Azərbaycanda xalqın hər bir nümayəndəsi, o cümlədən də dini kəsim dini mərasimlərin keçirilməsi qaydasından razıdır və normal qaydada Aşura mərasimi keçirildi. “Amma İran Azərbaycanda olan bu məmnunluğu, bu həmrəyliyi həzm edə bilmir. Bizim bayrağımızda yaşıl rəng islamın simvoludur. Bunu bilmək çətin deyil. Bayrağımıza hörmətsizlik elə dinimizə hörmətsizlikdir. Amma çox təəssüflər olsun ki, SEPAH-a bağlı qüvvələr konsulluğumuzun ətrafında belə təxribatlar törədiblər. İrandakı və başqa yerlərdəki anti-Azərbaycan qüvvələri Azərbaycanın Qarabağdakı zəfərini, qarşıdakı hədəflərini, məqsədlərini, Zəngəzur dəhlizinin açılmasını qəbul edə bilmirlər. Narahatlığın kökündə bu dayanır və din amili də alət kimi istifadə edilir. İran Azərbaycanda əvvəlki kimi hərəkət edə bilmir, dini mərasimlər Azərbaycan dövlətinin qanunları çərçivəsində həyata keçirilir”- deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …