İsrail əsgərləri Türkiyənin Anadolu Agentliyinin foto-müxbiri Mustafa Harufa hücum edib. TurkicWorld xəbər verir ki, hadisə bir qrup fələstinlinin Məscidül-Əqsa yaxınlığındakı Vadi əl-Cövz bölgəsində namaz qılmaq üçün toplaşdığı zaman baş verib.
İsrail polisi hadisəni izləyən AA foto-müxbiri Harufa əvvəlcə silah çəkib, sonra onu yerə yıxaraq təpikləyib.
Məlumata əsasən, jurnalist xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
İsrailin hücumları nəticəsində Qəzzada ölənlərin sayı 18 min 787-ə çatıb.
İsrail əsgərləri Anadolu Agentliyinin Qüdsdəki fotomüxbirini vəhşicəsinə döyüb. Üstəlik, İsrail naziri həmin əsgərin guya yaralandığını iddia edib və onu xəstəxanada ziyarət edib. Yəni əsgərin müxbiri döyməsini dəstəkləyib.
Jurnalistə bu qəddar münasibət nəyin təzahürüdür?
Samir Adıgözəlli:”O kadrları gördüm və çox üzücü mənzərə idi”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində “O kadrları gördüm və çox üzücü mənzərə idi. Bu halın baş verməsi təəssüf doğurur. Çünki İsrail kimi nüfuzlu bir dövlətin hərbiçilərinin sivilə, xüsusən də jurnalistə o cür yanaşması, döyməsi üzücü bir hal kimi qəbul olunur. Jurnalistin olduğu ərazi müharibə ərazisi sayıla bilər, amma bütün hallarda Anadolu Agentliyinin əməkdaşı, yaxud bir başqa media nümayəndəsi münaqişə zonasından hansı şəkildə reportaj hazırlamalı, çəkiliş aparmalı olduğunu yaxşı bilir. Müxbirin peşə fəaliyyətini yerinə yetirdiyi yerin qadağan olunmuş yer olduğunu deyə bilmərik. Bu orada peşə fəaliyyəti ilə məşğul olub. Bu gün Qəzza ilə bağlı məsələyə Türkiyə və İsrailin yanaşmasının nəticəsidir ki, müxbir orada hərbə-zorbaya məruz qalıb. Ola bilsin, hansısa ölkənin başqa bir ölkədən xoşu gəlmir, amma bu münasibət müxbirə qarşı yönəlməməlidr. Jurnalistlərin peşə hüquqları beynəlxalq konvensiyalarla qorunur, informasiya yaymaq onun hüququdur”-deyə bildirdi.
S.Adıgözəlli təəssüflə qeyd etdi ki, belə münaqişələrdə kifayət qədər jurnalist yaralanır, zədələnir, öldürülür. Müsahibimizin sözlərinə görə, hər bir dövət jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirmək üçün şərait yaratmalıdır.
Azər Həsrət: “Bu hadisə qəbuledilməzdir və hadisəni törədənlər də mütləq cəzalandırılmalıdır”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində “İstənilən halda jurnalistə, informasiya toplayan şəxsə qarşı vəhşilik, zorakılıq məqbul deyil. Mən özüm şəxsən o hadisənin videosunu da izləmişəm. Həqiqətən də orada Anadolu Agentliyinin foto-müxbirinə qarşı açıq-aşkar hücum var. İsrail hərbiçiləri, sərhəd polisləri jurnalistə açıq şəkildə hücum edir. Jurnalistin əlində silahı yoxdur, sadəcə informasiya toplayır, İsrail mediası onu Fələstin jurnalisti kimi təqdim edir. O həqiqətən də fələstinlidir, amma Anadolu Agentliyi üçün də işləyir. Bu hadisə qəbuledilməzdir və hadisəni törədənlər də mütləq cəzalandırılmalıdır. Biz yenə də İsrail mediasının yaydığı məlumatlardan oxuyuruq ki, həmin o iki zabit vəzifəsindən uzaqlaşdırılıb, onlar barəsində araşdırma başladılıb. Yəni dövlət, hüquq-mühafizə orqanları bunu təqdir etmir. Əslinə qalanda, o görüntülərə baxanda da bəlli olur ki, burada təqdir olunası heç nə yoxdur. Arzu və tələb edirik ki, jurnalistə qarşı bu cür vəhşi davranış İsrail dövlətinin müvafiq qurumları tərəfindən uyğun şəkildə qiymətləndirilsin”-deyə bildirdi.
A.Həsrətin sözlərinə görə, jurnalistə qarşı belə əməllərin törədilməsini heç kim, heç yerdə məqbul saya bilməz, o cümlədən də biz. “Əlbəttə, başa düşürük ki, münaqişə bölgəsidir, nəsə baş verə bilər. Amma bu cür açıq şəkildə jurnalistin üstünə getmək, onu avtomatın qundağı ilə vurmaq, sonra yerə yıxıb təpikləmək, bütün bunları göz önündə etmək, eyni zamanda jurnalistin müqavimət göstərmədiyi şəraitdə bunları etmək artıq məqbul deyil. Ümid etmək istəyirik ki, İsrail dövləti və dövlətin müvafiq qurumları bununla bağlı tədbir görəcək. Sözsüz ki, o zabitlərin işlərindən uzaqlaşdırılması və barələrində araşdırma başladılması yaxşı haldır, amma yetərli deyil. Gözləyək ki, araşdırma bəlli bir nəticəyə gələcək və həmin adamlar layiq olduqları cəzanı alacaqlar”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA