Şənbə , 4 May 2024
Drone Cameras

Samir Adıgözəlli: “Qarabağdakı ermənilər bilir ki, qısa müddətdən sonra Azərbaycan Qarabağın qalan hissəsinə də nəzarəti təmin edəcək”

Sən demə, ermənilərin sosial şəbəkələrdəki aqressiv yazıları sadəcə görüntüdür. Əslində isə Qarabağda yaşayan ermənilər rəsmi Bakı ilə əlaqə yaratmağı, onlara kömək göstərilməsini çoxdan gözləyirlər.

Xankədidən olan deputat Tural Gəncəliyevin “WhatsApp” nömrəsinə hər gün gələn videozənglər və yazılı mesajlar deyilənləri sübut etmək üçün yetərlidir. Millət vəklii həmin zəngləri nümayiş etdirib. Bəs görəsən, ermənilər millət vəkilimizdən nə istəyir? Millət vəkilinə gələn zənglər və yazılan mesajların məzmunundan görünür ki, onlar Azərbaycan vətəndaşı kimi pasportu necə almaq, mülkiyyət və iş məsələlərilə bağlı millət vəkilinə suallar verirlər.

Daha bir faktı diqqətinizə çatdıraq. Qarabağda yaşayan ermənilər özləri də separatçılardan beziblər. Bunu zaman-zaman dilə gətirməkdən qorxmayanları da tapılır. Bu günlərdə Yutubda canlı yayımlanan “Bakı-Xəbər” TV-nin “Düz kəsir” debatına yazan Armine Mirzayan adlı tamaşaçı Qarabağın Xocavənd (Keçmiş Martuni – red.) rayon sakini olduğunu və  daşnaklardan bezdiyini qeyd edib. A.Mirzayan həmçinin iddia edib ki, Xankəndidə separatçı rejimin istintaq komitəsində xadimə işləyən Marina adlı xalası qızı iyunun 8-də Ermənistanın Baş İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryanı görüb:

“Ermənistanın İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryanı kim Azərbaycan ərazisinə dəvət edib, ruslar nəyə əsasən onu Azərbaycan ərazisinə – Qarabağa buraxıblar?”- deyə sual edən erməni qadını artıq Qarabağda yaşayan ermənilərin arasında bu ərazinin Azərbaycana məxsus olduğunu açıq şəkildə etiraf edənlərin də olduğunu bildirib.

A.Mirzayanın 3-cü mesajı isə belədir:

“Laçın yolunda Azərbaycan əsgərləri olmalıdır, daşnaklar, Ayk Qriqoryanlar Qarabağa keçməsinlər!”

Armine Mirzayanın mövcudluğunun dəqiqliyini, həmçinin onun dediklərinin də həqiqət olduğunu ehtimal etsək, aşkar görünür ki, rus sülhməramlıları noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan bəyanata hörmət etmirlər.  Qarabağdakı ermənilərin kütləvi şəkildə Azərbaycan vətəndaşı kimi yaşamağa meyllənmsindən hansı nəticəni gözləmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin  (İSBAM) rəhbəri Samir  Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu faktlar artıq Azərbaycan vətəndaşı olan ermənilərin reallığı lazımınca dərk etdiyini deməyə əsas verir: “Onlar bilirlər ki, Azərbaycan güclü ölkədir və yeni reallıqlar yaradıb. İşğaldan azad edilən rayonlarda görülən işlərin həcmi və miqyası onları təəccübləndirir. Görürlər ki, erməni separatçılarının nəzarətində olan ərazidə həyat durub, hətta geriyə gedir. Çünki Qarabağdakı erməni separatçılarının elə bir vəsaiti yoxdur ki, nəsə etsin. Ermənistanın özündə isə vəziyyət çox bərbaddı. Qarabağdakı ermənilər bilir ki, qısa müddətdən sonra Azərbaycan Qarabağın qalan hissəsinə də nəzarəti təmin edəcək. Ona görə də, gələcək firavanlığı Azərbaycan vətəndaşı kimi yaşamaqda görürlər. Yadınızdadırsa, bir neçə gün əvvəl, erməni siyasətçiləri və mediası səs-küy saldılar ki, güya azərbaycanlılar zəng vurub, ermənilərdən  evlərini satmağı tələb edir. Bu məlumatlardan görünür ki, əslində ermənilər öz millətindən olanların Azərbaycana kütləvi müraciətlərini pərdələmək üçün belə ajiotaj yaradıblar. Bu təbii prosesdir. Qarabağdakı yerli ermənilər dərk edirlər ki, onların yeganə nicatı Azərbaycan vətəndaşı kimi yaşamaqdır. Hesab edirəm ki, yaxın zamanlarda analoji müraciətlərin sayı artacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …