Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Samir Adıgözəlli: “Soydaşlarımız orada basqılara, diskriminasiyaya, milli ayrıseçkiliyə məruz qaldıqları üçün Bakıya üz tuturlar”

Son zamanlar  Təbrizdən, Ərdəbildən gəlib Bakıda ev alanların sayı artıb. Bu rəsmi statistikada əks olunmasa da,  müşahidələr göstərir ki, onların sayı günü-gündən kütləviləşir. Güneyli soydaşlarımızın özləri deyirlər ki, onlara Qüzey Azərbaycanda yaşamaq daha rahatdır və burada özlərini daha azad, daha əminamanlıq içində hiss edirlər.

Qeyd edək ki, İranın keçmiş rəsmiləri, müəyyən deputatları həyəcanlı açıqlamalar verirlər. Onlar iddia edirlər ki, Urmu gölünün İran rejimi tərəfindən məqsədli şəkildə qurudulması ilə əlaqədar böyük faciə və  Təbrizdən böyük əhali köçü gözlənilir. Urmu gölünün 90 faizinin quruduğu və İran dövlətinin mövcud proqramları icra etmədiyi, bu məsələyə biganə qaldığı deyilir.

  • “Bütün bunlar düşünməyə əsas verir ki, İran rejimi tərəfindən bölgənin azərbaycanlısızlaşdırılması prosesi aparılır”

İSBAM sədri Samir Adıgözəlli bunun səbəbsiz olmadığını deyir. Onun sözlərinə görə, Təbrizdən, Ərdəbildən gəlib Bakıda ev alan, daşınmaz əmlaka vəsait qoyanların sayı çoxdur və bu proses yeni deyil: “Bu proses təxminən 5 ildir ki, başlayıb. Ərdəbillilərin, təbrizlilərin, başqa şəhərlərdə yaşayan İran vətəndaşlarının Bakıdan ev, daşınmaz əmlak alması prosesi 2017-ci ildən daha da sürətlənib. Onların Bakıya köç etməsinin, burada yurd-yuva qurmasının müxtəlif səbəbləri var. Səbəblərdən biri də İrandakı sosial-iqtisadi vəziyyətdir. Bilirsiz ki, ABŞ-ın İrana qarşı sanksiyaları köçün orta və yüksək səviyyədə yaşayan insanların arasında geniş şəkil almasına səbəb olub. Bu soydaşlarımız Azərbaycanda yaşamağı, biznes qurmağı üstün tutublar. ABŞ-ın İrana qarşı müharibə təhlükəsi orada ciddi ajiotaj yaratdı və bu da özü üçün pul, sərvət toplayan adamları ölkədən qaçmağa, başqa ölkələrdən ev almağa vadar etdi. Təbrizdən, Ərdəbildən gəlib burada xeyli sayda ev alanlar oldu. Burada məsələ nədir? 1979-cu ildən bu yana təxminən 2 milyon insan İrandan Türkiyəyə qaçıb. Bunların da əksəriyyəti vətəndaşlara qarşı basqılarla, insan haqq və hüquqlarının pozulması, yaşamaq, təhsil almaqla bağlı problemlərlə əlaqədardır. Bu gün Türkiyəyə də İrandan çox böyük köç var. Son illər bu köçün Azərbaycana da üz tutması müşahidə edilir. Soydaşlarımız orada basqılara, diskriminasiyaya, milli ayrıseçkiliyə məruz qaldıqları üçün Bakıya üz tuturlar. Əlbəttə, orada soydaşlarımız milli dildə təhsil almaq hüququndan  məhrum edilib. Bu azmış kimi, məqsədli şəkildə Urmu gölü qurudulur. Türkiyə və Azərbaycan sərhədlərinə yaxın ərazilərdə yaşayan soydaşlarımızın məqsədli şəkildə yerdəyişməsi həyata keçirilir. Həm soydaşlarımızın köçü, həm Urmu gölünün qurudulması, həm də daha böyük insan köçünün olacağının proqnozlaşdırılması, bütün bunlar düşünməyə əsas verir ki, İran rejimi tərəfindən bölgənin azərbaycanlısızlaşdırılması prosesi aparılır. Görünür, soyadaşlarımızın öz tarixi yurdlarını, şəhərlərini, kəndlərini tərk etməsində İran özü də maraqlıdır. Bu hər baxımdan çox təhlükəli məsələdir. İndi 100-200, 500 nəfərin Ərdəbildən, Təbrizdən gəlib burada ev alması problem yaratmaz. Amma bunun kütləvi hal alması ciddi problemlərə gətirib çıxara bilər”.

S.Adıgözəlli qeyd edir ki, hansısa bir prosesin İranda baş verməsi nəticəsində kütləvi köçün bu taya istiqamətlənməsi müəyyən qədər təhlükəli haldır. “Amma ümumiyyətlə, bəlkə də son 4-5 ildə Azərbaycanda 200-300 şirkət açılıbsa onun 10-a yaxını İran vətəndaşlarına aiddir, bizim Təbrizdən, Ərdəbildən gələn insanlarımızdır. Onlar burada şirkət qurublar, bu da ölkəmizə valyuta axını deməkdir. Bu həm daşınmaz əmlak bazarında canlanmaya səbəb olur, həm də işsizliyin aradan qalxmasına müəyyən dəstək deməkdir. Bunlar bizneslə bağlı da müsbət irəliləyişlərdir”-deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …