Samir Adıgözəlli: “Separatçılar hazırda Xankəndidə və ətrafda yaşayan ermənilərin sabahkı mövqeyindən narahatdır ki…”
Ermənistan mətbuatı Azərbaycan əleyhinə təxribatlarını davam etdirir və Qarabağda yaşayan ermənilərin “gözünü qorxutmaq” üçün hər cür yalanlar, həqiqətə uyğun olmayan fikirlər tirajlayır. Qarabağdakı separatçı dəstənin “lider”lərinin adından gündə bir “bəyanat” yayırlar.
Özünü “Dağlıq Qarabağın Milli Təhlükəsizlik Xidməti” adlandıran “qurum” iddia edib ki, “Azərbaycanın xüsusi xidmət orqanları Qarabağ sakinlərinin şəxsi məlumatlarını toplamaq cəhdlərini davam etdirir”. Bu barədə Sputnik Armeniya xəbər yayıb. “Təşkilat” Qarabağda yaşayan ermənilərə tövsiyə edib ki, sosial şəbəkələrdə “şübhəli elanlar” aşkar etsələr “təşkilat”a məlumat versinlər. Guya ki, Azərbaycan xüsusi xidmət orqanlarının işi-gücü qurtarıb Qarabağdakı ermənilərin şəxsi məlumatlarını toplayır.
Separatçılar həmçinin iddia edib ki, guya bundan əvvəl “Dağlıq Qarabağ prokurorluğu”, “Dağlıq Qarabağ sakinləri Azərbaycanın xüsusi xidmət orqanlarından və onların sosial şəbəkələrdəki saxta hesablarından qətl və repressiya hədələri ilə məktublar alırlar”.
Başdan-ayağa təxribat üstə köklənən iddiaların heç bir əsası olmadığı və separatçıların Azərbaycan xüsusi xidmət orqanlarının adından Qarabağdakı sadə erməniləri təhdid və şantaj etdiyi aydın görünür.
- “Bu, separatçıların növbəti təxribatıdır ki, sadə erməniləri qorxutmaq, şantaj etməyə xidmət edir”
İctiami Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, gec-tez separatçılar Azərbaycan dövləti tərəfindən zərərsizləşdiriləcək və onların Qarabağdakı təxribatlarına son qoyulacaq. S.Adıgözəllinin sözlərinə görə, Qarabağda yaşayan sadə ermənilər separatçıların əlindın onsuz da beziblər və ilk fürsətdəcə Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Bunun isə separatçıları qorxutduğunu deyən S.Adıgözəlli hesab edir ki, bu səbəbdən də Qarabağ ermənilərini qorxutmaq məqsədilə bu cür yalanlar yayır, Azərbaycan xüsusi xidmət orqanlarının adını hallandırırlar. “Ümumiyyətlə, ermənilərdən hər cür yalan, hər cür iftira, siyasi həyasızlıq gözləniləndir. Ona görə də, çox zaman buna adi yanaşırıq. Amma bütün hallarda, separatçıların Azərbaycanın xüsusi xidmət orqanlarının adını hallandırması yolverilməzdir. Məhv edilmiş qondarma rejimin tör-töküntüləri çox narahatdırlar ki, sadə ermənilər Azərbaycan vətəndaşlığını könüllü şəkildə qəbul edə bilər. Onsuz da Qarabağın hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində yaşayan sadə ermənilər arasında Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini gizlətməyənlər var. Həm Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbə, həm günü-gündən artan nüfuzu, hərbi gücü, bir sözlə, bütün göstəriciləri onu deməyə əsas verir ki, çox yaxın dövrdə Azərbaycan o ərazimizdə də öz hakimiyyətini tamamilə bərqərar edəcək. Separatçılar yaxşı bilirlər ki, Azərbaycan tezliklə Xankəndidə öz hakimiyyətini bərqərar edəcək. Onlar həm də Azərbaycanın diplomatik müstəvidə irəliləməsini müşahidə edirlər. Ona görə də, separatçılar bütün imkanlarından istifadə edib Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verir, sadə ermənilərdə Azərbaycan dövləti barədə yalançı rəy formalaşdırmağa çalışırlar. Separatçılar Azərbaycan xüsusi xidmət orqanlarına qarşı təxribatçı fikirlər səsləndirməklə beynəlxalq aləmin də diqqətini çəkmək istəyirlər ki, guya Azərbaycan dövləti Qarabağda belə işlər görür. Əslində isə bu, separatçıların növbəti təxribatıdır ki, sadə erməniləri qorxutmaq, şantaj etməyə xidmət edir”.
S.Adıgözəlli deyir ki, başqa Arayik Arutyunyan olmaqla, separatçılara başçılıq edən hər kəs öz cəzasını alacağını yaxşı bilir, ona görə də belə təxribatlar yayırlar ki, sadə ermənilər Azərbaycana meyl etməsin. S.Adıgözəllinin sözlərinə görə, Qarabağdakı separatçıların niyyətləri hasil olmayacaq və tezliklə başları tamamilə əziləcək: “Separatçılar hazırda Xankəndidə və ətrafda yaşayan ermənilərin sabahkı mövqeyindən narahatdır ki, sabah onlar güclü, qüdrətli Azərbaycanın vətəndaşı kimi onun qanunları çərçivəsində yaşamaq istəyəcəklər. Onlar bilir ki, gec-tez sadə ermənilər Azərbaycanın bütün qanunlarına, konstitutsiyasına riayət edəcək, bayrağına baş əyəcək və Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Qarabağdakı sadə ermənilər Arayikin və digər separatçıların, eləcə də Ermənistanın onları ağ günə çıxaracaqlarından ümidlərini kəsiblər. Odur ki, Azərbaycanın hakimiyyətinin orada bərqərar olmasını istəyirlər. Bunu da separatçılar yaxşı bilir…”.
İradə SARIYEVA