Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında yeni layihələrin icrası, həmçinin İran vasitəsilə Naxçıvana kommunikasiya bağlantılarının yaradılması müzakirə edilir.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dovlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir: “Səfər çərçivəsində iqtisadi münasibətlər, o cümlədən İran vasitəsilə Naxçıvana logistika, kommunikasiya bağlantılarının yaradılması da müzakirə edilir”.
Səfir vurğulayıb ki, iki ölkənin tranzit potensialları böyükdür: “Biz istəyirik ki, Azərbaycan və İranın bu sahədə rolu daha da artsın”.
O əlavə edib ki, Azərbaycanla İran arasında daha iki sərhəd-keçid məntəqəsi açılacaq: “Həmin sərhəd-keçid məntəqələri Xudafərin və Parsabaddır: “Azərbaycanla 4 sərhəd-keçid məntəqəmiz (Astara, Culfa, Biləsuvar və Şaxtaxtlı) var. Hazırda bu sərhədlər vasitəsilə gediş-gəliş həyata keçirilir”.
Xatırladaq ki, 2021-ci ildə İranla Azərbaycan arasında ticarət dövriyyəsi 440 milyon 810 min ABŞ dolları təşkil edib. İrana ixrac 43 milyon 287 min ABŞ dolları, idxal isə 397 milyon 523 min ABŞ dolları təşkil edib.
2022-ci ilin 4 ayında isə 165 milyon 718 min ABŞ dolları təşkil edib. İrana ixrac 15 milyon 631 min ABŞ dolları, idxal isə 150 milyon 087 min ABŞ dolları təşkil edib.