Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

32 il erməni işğalını dəstəkləyib status kvonu saxlamaqla, reallıqla hesablaşmağı məsləhət görüb Azərbaycanın hərbi qələbəsindən isterikaya düşən  bəzi dövlətlər Qarabağda tarixi, mədəni və dini abidələrə guya təhlükə yarandığını bildirməklə, işğal olunmuş ərazilərin azad edilməsini dini qarşıdurma kimi təqdim etməyə çalışırlar.

Üçtərəfli anlaşmadan sonra  bu mövzuda ilk danışan Rusiya XİN Lavrov  münaqişə zonasında tarixi, dini-mədəni abidələrin qorunması ilə bağlı UNESKO ilə müzakirələr aparacaqlarını söylədiyi vaxtda, Rusiya KİV-lərində bu mövzuda kampaniya aparılırdı.

Ondan sonra  Dövlət Dumasının komitə sədri S.Qavrilov  Azərbaycanı “münaqişə bölgəsindəki dini abidələri qorumağa və sərbəst ziyarət etmə imkan yaratmağa” çağırdı. Onun  fikrincə guya “Suriyadan gətirilib bölgədə yerləşdirilmiş radikal dini qrupların” həmin abidələri məhv edə biləciyi təhlükəsi var.

Daim məsələyə münasibət bildirib, Qarabağda yaşayan  ermənilərin təhlükəsizliyinə və mədəni irsin qorunacağına təminat verən Azərbaycan prezidenti Rusiyalı həmkarı Putinlə də bu məsələni müzakirə edib.

Münaqişə zonasındakı durumla əlaqədar keçirdiyi toplantıda prezident Putin humanitar məsələlərlə bağlı Azərbaycan prezidentinin  mövqeyindən razılığını bildirdi. Bunlardan sonra Kəlbəcərin Vəng kəndindəki IX əsrə aid Xudavəng Alban monastrının yaxınlığında Rusiya sülhməramlılarının  Ermənistan vətəndaşı terrora aşıq çağırış edən “silahlanmış keşiş” Ovanesin xahişi ilə qurduğu postu hələ də saxlaması başa düşülən deyil. Bilinməlidir ki, bu abidə Kəlbəcərin işğalına qədər Azərbaycan dövləti və  kənd əhalisi tərəfindən qorunaraq abad saxlanıb. Ayın 25-də Kəlbəcər azad ediləndən sonra da belə olacağı şübhəsizdir.

Bu mövzu savaş başlananadan ölkəmizə qarşı düşmən mövqe sərgiləyən Fransa başda olmaqla, bəzi qərb dövlətləri və mətbuat orqanlarına Azərbaycanı qaralamaq üçün bəhanə yaradıb. 30 ildir Ermənistana hər tərəfli yardım edən Fransa savaşdan sonra düşdüyü  oyundan kənar vəziyyətlə barışmaq istəmədiyindən, ciddi cəhdlə noyabrın 10-dan başlanan  sülh prosesini pozmağa və bölgədə yaşananları dini qarşıdurma kimi təqdim edib, abidələr mövzusu ilə manipulyasiya etməyə çalışır. Fransa prezidentinin “Hayastan” fondunun marafonundakı çıxışı, XİN-nin bəyanatı və   senatda gözlənilən müzakirələr bunun nümunələrindən sayıla bilər.

The Guardian qəzetində isə savaş sonrası  Qarabağda ermənilərə aid 3500 (??) monastır, kilsə, xaçkarların guya təhlükədə olduğu bildirilir. Ermənilərə istinad edilən rəqəm saxtakarlığın zirvəsidir. Eyni rəqəm Rusiya erməniləri ittifaqının rəhbəri Abramyanın prezident Putinə müraciətində də yer alıb. Erməni faşizminin əsas ideoloq və  sponsorlarından olan  Abramyan Putindən Qarabağdakı “antik və erkən orta əsr erməni abidələrin”, xüsusi həyasızlıqla “çox qiymətli “antik şəhər Tiqranakert” (Ağdamda aparılan qazıntı), erkən xristianlıq dövrünə aid Amaras məbədi (IV əsr Qafqaz Albaniyasına aid), orta əsr abidələri olan Gəncəsər, Xudavəng (ermənilərin Dadivank dediyi) monastrları, Şuşadakı erməni kilsəsini və  ermənilərin Rusiyadakı əsas dostlarından olan Kim Bakşinin 2019-cu ildə Moskvadakı məzarından  götürülən torpağın Şuşada başdırılmış yerinin  qorunmasını xahiş edib.

Təəssüf ki, bu iddialarla çıxış edən dövlət və təşkilatlar 30 il işğalda saxlanan ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini abidələrinin dağıdılıb, yer üzündən silinməsinə, məscidlərdə inək və donuz saxlanmasına hələ də  münasibət bildirməyib. Azərbaycanın müvafiq dövlət qurumları həmin dövlətlərin nümayəndələrini, xüsusilə Fransa prezidenti Makronu, diplomatik korpus və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçilərini  işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib, kimin barbar, vandal, terrorçu olduğunu yerində göstərməsi doğru olar. Bu istiqamətdə ilk addım Füzuli şəhərinə ziyarətlə atıldı. Ardıcıl olaraq bütün azad edilmiş bölgələrin ziyarət edilməsində  fayda var. Bu ziyarətlərdə görünəcək ki,  Şuşadakı  Aşağı və Yuxarı Gövhərağa daxil çoxsaylı  məscidlər, Üzeyir bəyin,  Bülbülün ev muzeyləri,  Natəvanın sarayı, Qarabağ xanının vəziri Vaqifin türbəsi kimi çoxsaylı tarixi abidələr necə  dağıdılıb.  Ağdamda Pənah xanın imarəti, cümə məscidi, Laçında Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidlər, ziyarətgah və ibadətgahlar, daş heykəllər,  kurqanları necə məhv edilib. Bilinəcək ki,  işğal olunmuş ərazilərdə yerləşən  Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə və digər kurqanlar  hərbi məqsədlər üçün  istifadə edilərək necə dağıdılıb. İşğaldan azad edilən  Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli və Qubadlı rayonlarında dağıdılmamış bəzi  məscidlərdə donuz və digər heyvanların saxlandığı məlum olacaq. Aydın  olacaq ki, “qədim və mədəni”  ermənilər necə vandallıqlara imza atıb, işğal etdikləri ərazilərdə minlərlə tarixi, mədəni və dini abidələri dağıdıb məhv ediblər. Belə barbarlığı min illər əvvəl yaşamış vandallar belə etməyib.

Əslində isə bütün bu hay-küyün arxasındakı  məqsəd başqadır. Yalan təbliğatda təcrübəli olan ermənilərlə onların dəstəkçiləri işğaldan azad edilən ərazilərdə törədilmiş barbarlığı və hərbi cinayətlərdən diqqəti yayındırıb ört basdır etmək üçün  belə atmosfer  yaratmağa çalışırlar. Bunun cavabı isə tez zamanda  Erməninistanın  işğalı nəticəsində törədilmiş hərbi cinayətlərin  araşdırılması və dəymiş zərərin qiymətləndirilməsinin yekunlaşdırılması, Beynəlxalq məhkəməyə müraciətlər edilməsidir.

Oqtay Qasımov, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post
Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …