Çərşənbə , 1 May 2024
Drone Cameras

“Şimali Kiprin müstəqilliyinin qardaş Azərbaycanda qeyd edilməsi qürurvericidir” – Ufuk Turganer

Bakıda Şimali Kipr Türk Respublikasının (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, Şimali Kipr Türk Respublikasının ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı təmsilçiliyinin rəhbəri xanım Ufuk Turganer, millət vəkilləri, Ombudsman Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın və Şimali Kiprin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk millətinin bir parçası olan Şimali Kiprin müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Ölkələrimiz arasında əlaqələrdən danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Şimali Kipr Türk Respublikasını müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.

“39 il öncə Aralıq dənizinin Zümrüd adalarından birinə gerçəkləşdirilən Türk Barış Hərəkatının ardından Şimali Kipr Türk Respublikasının əsası qoyuldu. Bu, əslində adada türk mövcudluğunu yox etmək istəyənlərə qarşı böyük türk iradəsinin təcəssümü idi. Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv kimi də qəbul edilib. Hesab edirəm ki, bu, qardaş ölkənin dünyada tanınması istiqamətində atılan ən böyük addımlardan biridir” – deyə o qeyd edib.

Tədbir daha sonra konsert proqramı ilə davam edib.

Boyukmillet.com olaraq qardaş Şimali Kipr Türk xalqını təbrik edirik.

Check Also

Qazaxıstan XİN: Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq

Azərbaycan və Ermənistan arasında gözlənilən danışıqlar yalnız tərəflər arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir. Boyukmillet.com …