Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Sosial mediada təhqir və böhtan hüquqi məsuliyyət yaradır

Türkiyədə internet mediada yalan və dezinformasiya xarakterli məlumatların yayılmasına qarşı qanunun tələbləri sərtləşdirilib. Qanuna əsasən, təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanları həbs cəzası gözləyir. Bununla yanaşı, internet saytlarına bir sıra yeni qaydalar tətbiq olunub.
Dezinformasiya xarakterli məlumatların cəmiyyətdə panikaya, çaşqınlığa səbəb olduğu özünü daim göstərir. Yaş kateqoriyasından asılı olmayaraq hər kəsin sosial mediaya çıxışının olması isə problemlərin əhatə dairəsini genişləndirir.

 
Sərhəd tanımayan – narkotik təbliği, pis vərdişlərə təhrik, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışları sərgiləyən paylaşımlar uşaqların psixologiyasına təsir edərək onların aldanmasına, pis vərdişlərə meyillənməsinə yol açır.

 
Təxribat və yalan xarakterli məlumatların yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülsə də, texnologiyaların sürətlə inkişaf etdiyi zamanda bununla ayaqlaşmaq mümkün deyil. Cəzasız qalanlar isə mənfi nəticələrini düşünmədən yenidən dezinformasiya yaymaqdan, yalan xəbərlər paylaşmaqdan, sifarişli məlumatlar verməkdən çəkinmirlər. Nəticəsi isə heç də ürəkaçan olmur.

 
Türkiyədə qəbul edilən qanunun yalan və dezinformasiya xarakterli məlumatların qarşısının alınması istiqamətində atılan vacib addım olduğunu düşünən ekspertlər bildirirlər ki, Azərbaycanda da bu kimi halların qarşısının alınması üçün qanunvericiliyə dəyişiklik edilməsinə ehtiyac var. 

Türkiyədə qəbul edilən yeni qanun sosial mediadakı hərc-mərcliyin qarşısını alacaq

Mətbuat Şurasının İdarə heyətinin üzvü, “Azxeber.com” informasiya portalının redaktoru Hacıbəy Heydərli qəzetimizə açıqlamasında deyib ki, Türkiyədə media ilə bağlı qəbul edilən yeni qanun ilk növbədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi baxımından çox vacibdir. Onun sözlərinə görə, sosial şəbəkələrdə saxta xəbərlər, dezinformasiyalar çoxluq təşkil edir və bu cür məlumatlar çox vaxt cəmiyyət arasında təşviş, qorxu, xaos yaranmasına gətirib çıxarır. Bu xəbərlər daha sonra təkzib edilsə belə, oxucu ilk xəbərə daha çox inanır və onun arxasınca gedir. 
Jurnalist qeyd edir ki, Türkiyədə bu kimi dezinformasiyalar daha çox tviter sosial şəbəkəsində yayılır, çünki bu şəbəkə orada  populyardır. Bu qanunun əsas məqsədi saxta xəbərlərin qarşısını almaqdan ibarətdir. Burada başqa bir diqqətçəkən məqam isə saxta profillərdən edilən paylaşımlarla bağlıdır.

Çünki cəmiyyətdə xaos, panika, təşviş yaradan məlumatları paylaşan şəxslər çox vaxt “fake” profildən  istifadə edir və bu yolla kimliyini gizlətməyə çalışırlar. Bu tip məlumatların qarşısını almaq məqsədilə təsdiqlənən yeni qanunun tələblərindən biri də Türkiyədə sosial şəbəkələrin nümayəndəliyinin açılması ilə bağlıdır: “Çox vaxt görürük ki, feysbuk, tviter, instaqram kimi sosial şəbəkələr rəsmi ofisi və ya nümayəndəliyi olmayan ölkələrdən gələn şikayətlərə etinasız yanaşır, onların müraciətlərini görməzdən gəlir. Bu da bir çox hallarda dezinformasiyaların, saxta xəbərlərin daha geniş arenaya yayılmasına şərait yaradır. Sosial şəbəkələrin Türkiyədə rəsmi ofisi açılandan sonra “fake” və ya “trol” profilləri tapmaq da asanlaşacaq və bununla sosial mediadakı xaosun qarşısı alınacaq”.

Heç kəs unutmamalıdır ki, paylaşdığı yanlış məlumat çox ciddi qalmaqala səbəb olur

Redaktor vurğulayır ki, diqqətçəkən daha bir məqam isə sosial şəbəkələrdə uşaqların və yeniyetmələrin əxlaqını korlayan materiallarla bağlıdır: “Bu kimi məlumatlar qanun pozuntusu hesab ediləcək. Bu, həm də mənəvi dəyərlərin təbliği baxımından da çox önəmlidir. Çünki sosial şəbəkələrdə uşaqlara şiddət, narkotikin təbliği, intiharlara meyil, yeniyetmələrin əxlaqını korlayan paylaşımlar geniş vüsət alıb. Bununla o kimi məlumatların da qarşısı alınacaq”.
Hacıbəy Heydərli deyir ki, sosial media haqqında qanunda internet medianın tənzimlənməsi də nəzərdə tutulur. Burada – rəsmi ünvanı olmayan saytların xəbər saytı hesab olunmaması, xəbər saytlarının yayımladığı xəbərləri arxivdə saxlamağa məcbur edilməsi kimi müddəalar var. Eyni zamanda xəbər saytı əməkdaşları “sarı basın kartı” əldə edəcək və imtiyazlardan yararlana biləcək.

 
O düşünür  ki, bu qanun sosial mediadakı hərc-mərcliyin, özbaşınalığın, şər-böhtan kampaniyasının qarşısını alacaq. 
Jurnalist təəssüflə qeyd edir ki, sadalanan hallara ölkəmizdə də rast gəlinir. Azərbaycanda da bəzi saytlar və sosial şəbəkə hesablarında yalan, şantaj və dezinformasiya xarakterli, sifarişli materiallara rast gəlinir. Sosial şəbəkədən istifadə edən heç kəs unutmamalıdır ki, o həm də informasiya daşıyıcısıdır, paylaşdığı hansısa yanlış məlumat çox ciddi böhrana, qalmaqala səbəb ola bilər. Bu gün insanlara qarşı şər, böhtan kampaniyası,  şərəf və ləyaqətin alçaldılması, işgüzar nüfuza xələl gətirilməsi hallarına ən çox sosial mediada rast gəlinir. Bu istiqamətdə maarifləndirici tədbirlər keçirilməli və insanlara qanunun tələbləri aşılanmalıdır.

Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”

Check Also

“Seriallarımız cılızdır, nə baxıram, nə də çəkilmək istəyirəm” – VİDEO

“Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək …