Cümə , 3 May 2024
Drone Cameras

Suqovuşan şəhidi ilə bağlı sənədli filmin təqdimatı keçirilib

İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMDİB) “Suqovuşanı canı bahasına azad edən şəhid Əzəmi Hüseynov haqqında sənədli film”i geniş ictimaiyyətə təqdim edib.

Boyukmillet.com xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə iki aylıq layihə çərçivəsində hazırlanan filmdə şəhidin həyat yolu təsvir olunub.

Qurumun sədri Emil Əkbərov çıxışında bu kimi filmlərin davamlı olacağını deyib: “Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan Əzəmi Hüseynov təkcə Mingəçevir deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuz illik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur”.

Onun sözlərinə görə, daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyüb boya-başa çatan Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub: “Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdunu tərk etməyə məcbur olub və Mingəçevirdə məskunlaşıb. 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Ə.Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Sənədli filmin ərsəyə gəlməsinə göstərdiyi dəstəkdən dolayı QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edirəm”.

Daha sonra iştirakçılara üzərində filmin loqosu əks olunan disklər paylanıb.

Qeyd edək ki, bu, “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin çəkdiyi sayca ikinci sənədli filmdir.

Check Also

Araşdırmaçı: “Elçin Əfəndiyev hadisələrə ötən əsrin stereotipləri ilə yanaşır”

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. …