Bazar , 19 May 2024
Drone Cameras

Talançı icra başçılarının övladlarının çoxu mühüm postlara yerləşdirilib.

Samir Adıgözəlli: “Ümumiyyətlə, vəzifəli adamların ətraflarında qohumlarından ibarət “təhlükəsizlik buferi” düzəldilməsinə yol vermək olmaz”

Bir sıra rayonların icra başçıları ilə bağlı həyata keçirilən əməliyyat tədbirlərindən sonra maraqlı məlumatlar üzə çıxır. Bəlli olur ki, korrupsiya, rüşvət əməlinə görə həbs edilən icra başçılarının övladları və digər yaxın qohumlarının əksəriyyəti mühüm dövlət postlarında işləyiblər.

Bu xüsusda bir neçə misal da çəkə bilərik. Həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətin sabiq başçısı Nizaməddin Quliyevin oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinində işləyib. Ağstafanın həbs edilən icra başçısının digər oğlu Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimi olub. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev əvvəllər Qaradağ, Nərimanov rayon prokurorluqlarında çalışıb, hazırda isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyətini davam etdirir. Vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlinə yol verən bu şəxslərin övladlarının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləməsi, istər-istəməz ortaya belə bir sual çıxarır:”Belələrinin uzun illər bu cür neqativ işlərlə məşğul ola bilməsinin səbəblərindən biri də yaxın ətraflarının mühüm postlara yerləşdirilməsi ola bilərmi? Ümumiyyətlə, mühüm vəzifələrdə bu tayfalaşmanın, klanlaşmanın qarşısını necə almaq olar?”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, icra başçılarının həbsi bir sıra reallıqlara işıq saldı:“Əvvəllər də hamı bilirdi ki, icra başçıları rüşvət alır, əhaliyə yerlərdə əziyyət verirlər. Ancaq onlarla bağlı hər hansı hüquqi ölçünün götürülməməsi vətəndaşlarımızda bəzən narazılıqlara səbəb olurdu. Prezident dəfələrlə icra başçılarına xəbərdarlıq etdi ki, normal işləsinlər. Ancaq biz nəyi görürük? Hər dəfə icra başçıları ilə bağlı nümayiş olunan əməliyyat çəkilişlərini görəndə mən utanıram. Bu gün İmişlinin icra başısı Vilyam Hacıyevin evindən çıxan pulun miqdarı hamını təəccübləndirdi. Bunun aldığı mülkləri, xaricə çıxardığını qoyuram bir qırağa. Görün, təkcə evindən necə milyon dollar və avro çıxır. Bunlar talançılıqla məşğul olublar. Siz fikir verin, evində o miqdarda pul olan adam nələrə qadir olmaz? Fikir veririk ki, həmin icra başçılarının övladlarının çoxu mühüm postlara yerləşdirilib. Təbiidir ki, istənilən bir siqnal olanda onlar atalarını məlumatlandırıblar, əlaqələrindən istifadə edib neqativlikləri ört-basdır ediblər. Yalnız övladları onların klanına aid edilmir. Eyni zamanda bir çoxlarının arasında qudalıq əlaqələri var. Çoxunun qardaşları, digər yaxın qohumları da yaxşı postlara yerləşdirilib. Qanunla hərə öz əməlinə cavab verməlidir. Ancaq burada söhbət oturuşmuş cinayətkar klandan gedir. Əminəm ki, bu cür cinayətlərə yol verən icra başçıları ətrafında araşdırmalar aparılsa, onların yaxın ətraflarının da bu və ya digər dərəcədə cinayətlə əlaqələri üzə çıxacaq. Bir çox dövlət qurumlarında işə qəbul testlədir. Görünür, icra başçıları həmin maneələri də aşıb, ovladlarını istədikıəri yerlərə yerləşdirə biliblər. Bu istiqamətdə də ciddi araşdırmalar aparılmalıdır. Ümumiyyətlə, vəzifəli adamların ətraflarında qohumlarından ibarət “təhlükəsizlik buferi” düzəldilməsinə yol vermək olmaz. Məhz bu cür amillər sonda belə acı nəticələrə gətirib çıxarır”.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …