Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“TEKNOFEST”in Azərbaycan cəmiyyətinə ismarışları – ŞƏRH

Qüdrətli dövlətin güclü iqtisadiyyatı olur. Güclü iqtisadiyyatın arxasında müasir texnologiya durur. Müasir texnologiyaya malik olan dövlətin müstəqil iqtisadiyyatı, siyasəti olar. Deməli, müstəqilliyi şərtləndirən əsas amillərdən biri müasir texnologiyadır.

Mayın 26-29-da Bakı “TEKNOFEST Azərbaycan” festivalına ev sahibliyi edib. “TEKNOFEST” – Aviasiya, Kosmos və Texnologiya Festivalı 2018-ci ildən Türkiyədə keçirilir. Bu texnologiya festivalı ölkədən kənarda ilk dəfə Azərbaycanda reallaşdı.

Festivalda 4 gün ərzində 33 ölkədən ziyarətçilər iştirak edib.

Festivala dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb.

Festivalın Azərbaycan üçün mühüm əhəmiyyəti var. Ona görə də hesab etmək olar ki, tədbir bir sıra ismarışları verib.

Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi tədbirin dövlət səviyyəli mahiyyətini göstərdi. Bu tədbir də Azərbaycan-Türkiyə müttəfqiliyinin göstəricilərindən biri oldu. Prezident İlham Əliyev tədbirdəki çıxışında bildirib:

“Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik”.

İki dövlət birgə fəaliyyəti ilə regional və qlobal əhəmiyyətli tərəfdaş rolunda çıxış edirlər.

Türkiyə lideri də dövlətlərarası münasibətlərdən bəhs edərkən birlik və bərabərlik ismarışı verib:

“Parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində qeyd etdiyimiz kimi, müdafiə sənayesi sahəsində fəaliyyətdə, o cümlədən kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq”.

Çıxışlardan göründüyü kimi başqa tədbirlər kimi festival da Azərbaycan və Türkiyənin birliyini nümayiş etdirdi.

İkinci ismarışı belə də ümumiləşdirmək olar: “Gənclər, sözümüz sizədir”.

Prezidentlərin, tədbirin qonağı Nobel Mükafatı laureatı Əziz Səncərin, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı Selçuk Bayraktarın çıxışlarında gənclərə müraciət əsas xətlərdən biri idi.

Əziz Səncər gənclərə ağsaqqal, müəllim, dünya elminin ən ali mükafatçısı, türk, Türkiyə vətəndaşı, humanist olaraq müraciət etdi:

“Gənclər, sizlərə bir neçə əhəmiyyətli məsləhət verirəm. Mən “xərcəngə qarşı dərman tapa bilərəmmi?”, – deyə fikirləşirdim. Gördüyünüz hər işin ən yaxşı olmasına çalışın. Ən yaxşısı ölkənizə və insanlığa yardım etməyə çalışın. Sevgili gənclər, məmləkətinizi sevməkdən usanmayın, yorulmayın, əl çəkməyin. Ölkənizin inkişafı üçün yorulmadan çalışın”.

Selcuk Bayraktar da bu məsələyə toxunaraq deyib: “Uşaqlar gəlib buradakı təyyarə yaxud PUA-lara toxunmalıdır ki, gələcəkdə bəlkə ölkələrimizin təhlükəsizliyini qoruyacaq təyyarə istehsal etsinlər”.

Festival gənclərə qayğının vacibliyini, onların təşəbbüskarlığının mükafatlandırlmasını, elmli olması şəraitin yaradılmasının vacibliyi ismarışını verdi.

Dördüncü ismarış, Azərbaycanın, o cümlədən gənclərinin elmi potensilını nümayişi üçün fürsət yaratdı. Bu tədbir sübut etdi ki, Əziz Səncər və Selcuk Bayraktarın timsalında elmlə potensialı açmaq, şöhrətli və sərvətə sahib olmaq mümkündür. Başqa sözlə potensialın açarı elmdədir.

Beşinci ismarış, özünəinamdır. Bu tədbir Azərbaycanda elmlə məşğul olanların inamını atrırdı. Festival müxətlif yönlü texnoloji kəşflərin gec-tez qiymətinin verildiyini əyani olaraq bir daha təsdiqlədi.

Altıncı ismarış, texologiyanın üstünlüyüdür. Bayraktar müasirə texnoloji üsullardan və elmdən yararlanaraq Türkiyə məxsus uçuş aparatı yaratmaqla ölkə iqtisadiyyatının güclənməsinə, müdafiə qüdrətinin və nüfuzunun artmasına dəstək olub. Son illər Türkiyədə yeni-yeni texnologiyaların əldə edilməsi onun həm də hərbi sənayesinin ixracatdan asılığını azadıb. Türkiyə silahlı qüvvələrinin istifadə etdiyi silah, hərbi texnika və avadanlığın 70 faizə qədəri yerli istehsaldır.

Yeddinci ismarış, elmli olmaqdır. Əziz Səncər və Selcuk Bayraktar elmli olmağının vacibliyinin nümunəsidir. Hər ikisi Türkiyə təhsilinin yetirməsidir. Yerli universitetlərin məzunudur. Ancaq bununla məhdudlaşmayaraq onu xaricdə də davam etdiriblər. Öyrəndiklərini öz ölkələrinə gətiriblər. Festival Azərbaycanda dəqiq elmlərin riyaziyyat, fizika, kimya və biologiyanın və onların sahələrinə diqqətin artmasının vacibliyi ismarışını da verdi. Başqa sözlə, festivalda müasir texnologiyaya dəqiq elmlərlə yiyələnərək daha faydalı olmağın mümkünlüyü isbatlandı. O da bir daha sübut olundu ki, elmi olana istəməsə belə dünya da hörmət edir.

Tədbirin başqa ismarışları da yox deyil… .

Bir zamanlar türklər qılınc, ox, kaman, top və başqa döyüş silahları yaradaraq, atı əhliləşdirərdilər. Həmin dövrlərin üstün texnologiyalarına sahib olan türklər böyük dövlətlər qurmuş, inkişafa, tərəqqiyə sahib olmuşlar. Olanlar sübut edib ki, güclü elmə texnologiyaya yiyələnməklə qüdrətli dövlət qurmaq mümkündür. Bu baxımdan çağdaş dünyanın elm və texnologiyaya sahib olmak kimi vacib şərtləri də dəyişməyib, elə əvvəlki kimidir. Odur ki, güclü, qüdrətli, nüfuzlu, mütərəqqi olmaq üçün yenidən elm və texnologiyaya yiyəylənmək əsasdır. Əvvəllər türklər qılınc, ox, kaman kimi dövrünün müasir hərbi vasitələri, texnologiyaları ilə müharibələrdən qalib çıxardı. İndi də dünyanı müasir texnologiyaya yiyələnməklə heyrətləndirir. Türkiyə və Azərbaycan bu sahədə texnoloji üstünlüklərə yiyələnməklə çağdaş dövrün müharibəsini apardı, torpaqları işğaldan azad etdi. “TEKNOFEST” çağdaş texnologiyalara yiyələnməyin vacibliyini, bu yolla iqtisadiyyatı gücləndirməyin, deməli, nəticə etibarı ilə daha güclü dövlətə sahib olmağın formulunu da nümayiş etdirdi.

Bəzən deyirlər ki, türkləşmək türkiyələşmək demək deyil. Bu, aksiomadır. Ancaq hadisələr bir az da türkiyələşməyə ehtiyacın yarandığını deməyə əsas verir…

Sədrəddin Sultan

Check Also

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 198 terrorçunu öldürüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin …