Azərbaycanın ticarət mərkəzlərində baş verən yanğın və digər fövqəladə hallar zamanı icarədarların və obyektlərin sığortasız qalması ilə bağlı mətbuatda dəfələrlə xəbərlər yer alıb. Son olaraq, “Sədərək” ticarət mərkəzində oyuncaq anbarlarında baş verən yanğın iri ticarət mərkəzlərində təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Ümumiyyətlə, “Sədərək” TM-də icarədarlar bundan əvvəl də texniki təhlükəsizlik və sığorta ilə bağlı narazılıqlarını bildiriblər. Son bir ildə adıçəkilən ticarət mərkəzində iki, “Binə” ticarət mərkəzində isə bir dəfə yanğın baş verib. Bundan əlavə, son ildə Sumqayıt və Sabirabadda da iri ticarət mərkəzlərinin yanmasının şahidi olmuşuq. Hər yanğından sonra sahibkarlar onlara dəymiş zərərdən və ticarət mərkəzinin rəhbərliyi tərəfindən hər hansı kompensasiya ala bilmədiklərindən şikayət edirlər. Halbuki, sahibkarlar bu cür alış-veriş mərkəzlərinə icarə və digər ödənişlər edirlər. Belə olan halda, niyə texniki təhlükəsizlik məsələlərinə görə ticarət mərkəzlərinin rəhbərlikləri məsuliyyət daşımır?
Digər tərəfdən, sahibkarlar mallarının təhlükəsizliyini təmin etmək üçün könüllü sığorta etdirmək istəsələr də, sığorta şirkətləri bundan imtina edirlər.
Sahibkarlar əmlakını niyə qoruya bilmir?
Qanunvericiliyə əsasən, 2020-ci ildən etibarən daşınmaz əmlakın icbari sığortası tətbiq olunmağa başlanılıb. Bu tələb həm fiziki, həm də hüquqi şəxslərə məxsus tikililərə şamil edilir. Müəyyən edilən sığorta məbləği Bakı üçün 25 min manat, Gəncə–Sumqayıt–Naxçıvan üzrə 20 min manat, digər yaşayış məntəqələri üçün isə 15 min manatdır. İcbari sığorta haqqı isə müvafiq olaraq Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər yaşayış məntəqələrində isə 30 manat təşkil edir.
Daşınmaz əmlakın icbari sığortası yanğın risklərini də əhatə edir. Qanuna görə, daşınmaz əmlakın sığorta olunmaması cinayət və inzibati məsuliyyət yarada bilər. Amma praktika göstərir ki, bu tələbin icrasına nəzarət zəifdir. Xüsusilə sahibkarlıq subyektləri və iri ticarət mərkəzləri çox vaxt icbari sığortadan yayınır.
Mərkəzi Bankın cari ilin yanvar-iyun ayları üzrə statistik bülleteninə görə, daşınmaz əmlakın icbari sığortası üzrə yığım cəmi 56,6 milyon manat, ödənişlər isə 1,3 milyon manat olub. İcbari Sığorta Bürosunun məlumatına görə isə ötən il 640 hadisə üzrə cəmi 1,8 milyon manat ödəniş həyata keçirilib. Bu rəqəmlər göstərir ki, yığım və ödənişlərin həcmi ölkədəki daşınmaz əmlak fondunun həcmi ilə müqayisədə çox aşağıdır.
Ümumilikdə sığorta bazarında “əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə aktivlik də məhduddur. 2025-ci ilin yanvar-iyun aylarında bu növ üzrə 39,1 milyon manat yığım, 1,5 milyon manat isə ödəniş həyata keçirilib. Bu, ümumi bazar yığımlarının cəmi 4,8 faizini təşkil edir. 2024-cü ilin yekununda isə yığımlar 88,9 milyon manat, ödənişlər isə 3,7 milyon manat olub ki, bu da bazarın 6-7 faizindən çox deyil. Bu göstəricilər iri obyektlərdə yanğın risklərinin hələ də geniş şəkildə əhatələnmədiyini göstərir.
Ekspertlər iri ticarət mərkəzlərinin icbari əmlak sığortasına cəlb olunmamasını aşağı limitlə izah edirlər. Çünki mövcud icbari təminatın sabit məbləğinin 15-25 min manat təşkil etməsi iri ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların mallarının və əmlakının dəyərinə nisbətən aşağı hesab olunur. Nəticədə, icbari sığorta yalnız formal xarakter daşıyır və real kompensasiya mexanizmi kimi işləmir.
Könüllü əmlak (yanğın və digər risklərlə bağlı ) sığorta bazarının inkişafı üçün isə nə dövlət qurumları, nə də ticarət mərkəzlərinin rəhbərləri tərəfindən sahibkarlara zəmanət veriləcək addımlar atır. Texniki təhlükəsizlik məsələlərindəki qeyri-şəffaflıq da bu bazarda risklərin hər tərəfli artmasına səbəb olur.
İqtisadçı ekspert Xalid Kərimli Meydan TV-yə açıqlamasında bildirib ki, burada əsas problem sahibkarlar tərəfindən işlərin təhlükəsizlik qaydalarına uyğun qurulmamasıdır:
“Mal-material ehtiyatlarının saxlanması, anbar yerlərinin təşkili, elektrik xətlərinin çəkilişi və digər məsələlərdə texniki təhlükəsizlik meyarlarına çox vaxt əməl edilmir. Sahibkarlar buna diqqət yetirmir, hökumətin müvafiq qurumları isə çox vaxt göz yumur. Nəticədə belə yanğınlar baş verir və sahibkarlar böyük zərərlərlə üzləşirlər. İş təhlükəsizlik standartlarına uyğun qurulmadığına görə sığorta şirkətləri də riskləri öz üzərinə götürmək istəmir. Sığorta yalnız ehtimal olunan risklər üçün tətbiq edilir. Məsələn, vətəndaşın xroniki xəstəliyi varsa, sığortalanmır. Elə hadisələr sığortalanır ki, o ehtimal oluna bilər və ya onun baş verməsinin riski o qədər yüksək deyil. Risk yüksək olduqda sığorta haqqı da bahalaşır”.
Ekspertin sözlərinə görə, “Sədərək” kimi iri ticarət mərkəzlərində yanğın əleyhinə tədbirlərin lazımi səviyyədə görülməsi sual altındadır:
“Ola bilər ki, ilk dövrlərdə hər şey qaydasında olub, lakin texniki təhlükəsizlik tədbirləri daim nəzarətdə saxlanılmalıdır. Sahibkarların təhlükəsizlik qaydalarına necə riayət etməsi, bu sahədə biliklərinin və ya işçilərin olub-olmaması, ümumi nəzarətin necə aparılması sual altındadır. Bu səbəbdən də sığortaçı bütün riskləri öz üzərinə götürmək istəmir. Əgər götürsələr belə, risklər yüksək olduğuna görə sığorta haqları baha çıxır ki, bu da sahibkarlara sərf etmir”.
Xalid Kərimlinin fikrincə, sığorta bazarının kiçik olmasının digər səbəbi sahibkarların bu sahəyə inamının aşağı olmasıdır:
“Azərbaycanda sahibkarların sığorta bazarına münasibəti yaxşı deyil. Bu həm də onların əvvəlki təcrübələrinə əsaslanır ki, sığorta hadisəsi baş verərkən çox vaxt ədalətli münasibətlə qarşılaşmayıblar. Etibarın, inamın yaradılması bu sahədə requlyator olan Mərkəzi Bankın öhdəliyinə düşür. Bu da təbii ki, sığorta məsələlərinin düzgün izahından, maariflənmədən, sığorta hadisəsi baş verərkən sığorta haqqının düzgün ödənilməsindən, şəffaf və doğru idarəetmədən asılı olacaq. Biz sığorta şirkətlərini məcbur edə bilmərik, çünki onlar da sahibkardır. Sahibkarlar və sığorta şirkətləri qarşılıqlı şəkildə işləməlidirlər”.
Ekspert həmçinin qeyd edib ki, mal-materialların sığortalanması sığorta şirkətləri üçün arzuolunan deyil:
“Çünki mallar daim hərəkətdə olur, dəyişir və bu, riskləri artırır. Nəzəri cəhətdən sığortalanması mümkündür, amma şirkətlər könüllü şəkildə buna maraq göstərmirlər. Sahibkarlar da yüksək qiymətli sığortaya getmirlər”.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
