Onu illərdir tanıyıram, amma yaxınlığımızın tarixi 3-4 il olar. Bəzən insan elə olur ki, az müddətdə belə köhnə tanışını doğmasına çevirə bilir. Əli Hacı Ağaevli də belə adamlardandır. Şeyxlər nəslindən gəldiyi üçün mən ona zarafatla yox, içdən gələn bir hörmətlə “Ya Şeyx” deyə müraciət edirəm. Torpaq adamıdır – sadə, səmimi, yerinə və yurduna bağlı. Özünün də dediyi kimi, bizim yaxınlığımız onun kasıb vaxtlarına təsadüf edib. Amma o kasıblığın içində qəlbi o qədər geniş və varlıdır ki, yanında olanda bunu hiss etməmək mümkün deyil.
Sosial şəbəkələrdə paylaşdığı şeirlərini sevə-sevə oxuyuram, irfanidir, içdən gəlir. Şeirləri həm məzmun, həm də ruh etibarilə diqqət çəkir. Poetik dili sadə görünsə də, daxilində dərin ağrılar, suallar və insanın öz varlığı ilə apardığı mübarizə gizlənir.
Məsələn, son günlər qələmə aldığı “Kimim var sevə məni?!” misrası ilə başlayan düşüncə axını Əli Hacının tənhalıq hissini açıq şəkildə ortaya qoyur. Burada müəllifin Tanrı ilə dialoqu (niyə məhz Tanrı? Axı biz Yaradana Allah deyə müraciət edirik), insanın təkliyə məhkumluğu və eyni zamanda İlahi qüvvəyə sığınması paralel şəkildə təqdim olunur. “Tanrım! Ruhum, bir də sən!” ifadəsi isə onun üçün son dayaq nöqtəsinin məhz Tanrı olduğunu göstərir. Bu, yalnız dini bir müraciət deyil, həm də varlığın mənasını axtaran bir ruhun haraydır.
Əli Hacı Ağaevlinin şeirlərində tez-tez rast gəlinən motivlərdən biri də insanın taleyi ilə barışmaq və ya Ona qarşı çıxmaq dilemmasıdır. “Bizi göydən yerə salan, görüm yerin yer olmasın” misrasındakı üsyan açıq görünür. Bu, sadəcə bir narazılıq deyil, həm də insanın öz alın yazısına qarşı etirazıdır. Baxmayaraq ki, Əli Hacı həm də inancılıdır, namazı olmasa da orucu orucdur… Mənə görə, o bu məqamda yaşadığı ədalətsiz dünyada ədalət axtarır, Yerdəkinə gücü çatmayanda Göydəkinə sitəm edir.
Əli Hacının poetikasında obrazlar da fərqlidir. “Bildiyi yaxını dağdı, qar birinci ora yağdı” misrasında məkan nəzərdə tutulmur, insanın ən yaxının belə soyuq və əlçatmaz olmasına işarə edilir. Bu, həm də inamın (inancın yox haa) sarsılması, güvənin itməsi kimi yozula bilər.
Şeyxin dili bəzən sərt, bəzən isə sükut qədər sakitdir. “Siqar kimi çəkdim qəmi” misrası onun ağrını necə içində daşıdığını, onu gündəlik həyatın bir hissəsinə çevirdiyini göstərir. Burada kədər artıq yük deyil, həyatın ayrılmaz parçasıdır. Eyni zamanda “Gözümə götürdüm ölümü” ifadəsi ölümə qorxu ilə deyil, bir reallıq kimi yanaşmanı əks etdirir. Dərk edir ki, A nöqtəsi (doğuluş) olduğu kimi, Z nöqtəsi də (ölüm) var.
Əli Hacı Ağaevli zaman anlayışına da xüsusi yanaşır. “Sən deyən zamandır, zaman – nə böyük var, nə də kiçik” misralarında zamanın nisbi olduğu fikri irəli sürülür. Burada müəllif sanki insanın yaratdığı ölçülərin mənasızlığını vurğulayır. Onun üçün zaman sadəcə axan bir proses deyil, həm də insanın daxilində baş verən dəyişikliklərin ölçüsüdür.
Şeyxin yaradıcılığında cəmiyyətə və insan münasibətlərinə dair tənqidi yanaşma ana xətt təşkil edir. “Yerdə sözün qiyməti yox, göydə Allahdan küsmüşük” misrası bu baxımdan xüsusilə diqqətəlayiqdir. Bu, həm günümüzdə dəyərlərin aşınmasına, həm də insanın öz mənəvi dayaqlarını itirməsinə işarədir. Əli Hacı burada yalnız fərdi hisslərini deyil, ümumi bir sosial vəziyyəti də ifadə edir.
Mənə görə, Əli Hacı Ağaevlinin poetik dünyası ağrı ilə ümid arasında gözləmədədir. Onun şeirlərində ümidsizlik olsa da, bu, tam qaranlıq deyil. Tanrıya müraciət, daxili dialoq və suallar onun hələ də cavab axtardığını göstərir.
Əlbəttə, Əli Hacının şeirləri sadəcə söz yığını deyil, bir ruhun səsidir. Bu səs bəzən sakit, bəzən qəzəbli, bəzən isə ümidsizdir. Amma hər halda səmimidir. Onun poeziyası oxucunu düşündürür, narahat edir və ən əsası, insanın özünü anlamağa bir addım daha yaxınlaşdırır.
Diqqət etdinizsə, mən bu kiçik yazıda ona şair kimi xitab etmədim, səbəbini özü bilir.
Doğum günün mübarək, Ya Şeyx.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
