“Hesab edirəm ki, bu istiqamətdə işlərin davamı zəruridir”
Son vaxtlar Türkiyə və həmin ölkənin adı olan bəzi məsələlərdə erməni təbliğatı güclənib. Xüsusilə də Türkiyənin kürd əsilli vətəndaşlarının kompakt yaşadığı ərazilərdə ermənilərlə sıx təmaslar qurulmağa meyllər nəzərə çarpır. Azərbaycanla həmsərhəd olan və soydaşlarımızın çoxluq təşkil etdiyi Qars və İğdır şəhərlərində son seçkidən sonra bələdiyyələrə rəhbərlik kürdlərin partiyası sayılan HDP-nin əlinə keçib. Onlar da bu səlahiyyətdən istifadə edərək, ermənilərdən ibarət nümayəndə heyətlərini ölkələrinə qonaq çağırır, ermənilərə böyük sayğı nümayiş etdirirlər.
Bundan əlavə, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin keçirdiyi saxta futbol yarışmasında Türkiyənin Van şəhərindən olan bir komandanın da “Qərbi Ermənistan” adı ilə təmsil olunduğu bildirilir. Məlum bölgələrdə erməni-kürd işbirliyini zəiflətmək, lazımi təbliğat aparmaq üçün Azərbaycan QHT-lər səviyyəsində hansı işləri görə bilər, necə layihələrin icra olunması məqsədəuyğun sayılmalıdır?
- Rauf Zeyni: “Bunun Türkiyədə məkrli niyyətlər həyata keçirmək istəyənlərin qarşısının alınmasında müstəsna əhəmiyyəti olacaq”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra həm regionda, həm də dünyada sülhün bərqərar olması istiqamətində mühüm addımlar atıb: “Bu istiqamətdə həm dövlət, həm də qeyri-hökumət təşkilatları səviyyəsində ciddi fəaliyyət ortaya qoyulub. Bir çox hallarda Azərbaycanın tolerantlığından sui-istifadə edən qüvvələr də olur. Biz xüsusilə də qonşu ölkələrlə əməkdaşlığın dərinləşməsinə xüsusi önəm veririk. Bizim Türkiyə ilə bu yöndə əməkdaşlığımız ciddidir. Amma görünən budur ki, çatışmayan məqamlar da mövcuddur. İl ərzində sistemli və dayanıqlı münasibətlər davam etməlidir. Mən QHT-lərin qarşılıqlı əməkdaşlığını nəzərdə tuturam. Dediyiniz bölgələr bizim üçün də böyük əhəmiyyət daşıyır. Həmin ərazilərdə milli birliyin təbliği, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsinin təbliği ilə bağlı ciddi işlərin görülməsinə zərurət var. İndiyə qədər həmin bölgələrdə bizim QHT-lər Türkiyədəki tərəfdaşları ilə bir çox layihə icra edib. Bunu artırmaq və davam etdirmək lazımdır. Məndə olan məlumata görə, İğdır, Qars və Vanda bu il də QHT-lərin xəttilə ciddi layihələrin icrası gözlənir. Keçən il biz İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı çox möhtəşəm tədbir keçirdik. Həmin tədbirdə Türkiyə rəsmiləri, millət vəkilləri də iştirak etdilər. BDM adlı QHT həmin bölgədə çox fəal işlər görür. Hətta həmin bölgədə olan bəzi anlaşılmazlıqların aradan qaldırılmasına yardımçı olub. Hesab edirəm ki, bu istiqamətdə işlərin davamı zəruridir və bunun Türkiyədə məkrli niyyətlər həyata keçirmək istəyənlərin qarşısının alınmasında müstəsna əhəmiyyəti olacaq”.
Məhəmmədəli QƏRİBLİ