Türkiyə ordusu ilk dəfə olaraq kiçik ölçülü pilotsuz uçuş aparatları (mini və mikro PUA-lar) ilə mübarizə üçün “Şahin” (ŞAHİN 40 mm) mübarizə sistemləri alıb.
Boyukmillet.com yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.
Sistemin quraşdırılması Türkiyənin müdafiə sənayesinin flaqmanı – ASELSAN konserni tərəfindən hazırlanıb.
İdarə rəhbəri qeyd edib ki, kompleksin daşınması, yerləşdirilməsi və quraşdırılması asandır. Sistem yedəkli qoşquda yerləşir və modul dizayna malikdir.
Onun sözlərinə görə, “Şahin” sistemləri xüsusilə mühüm obyektlərin, dövlət sərhədinin mühafizəsində, eləcə də hava hücumundan müdafiə sahəsində uğurla istifadə oluna bilər.
Bundan əlavə, kompleks hədəfə münasibətdə ballistik hesablama funksiyasına malikdir. O, həmçinin radardan ötürülən mövqeyə diqqət yetirərək hədəfi izləyə bilir.