Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə XİN ölkə vətəndaşlarını Ukraynanın şərq bölgələrini tərk etməyə çağırıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “respublika”larını tanınması haqqında fərmanından sonra Ukraynanın şərq bölgələrində baş verən son hadisələr səbəbindən öz vətəndaşlarına həmin əraziləri tərk etməyə çağırıb.

“Ukraynanın şərq bölgələrində baş verən son hadisələr çərçivəsində vətəndaşlarımızın bu ölkənin şərq bölgələrini tərk etmələri tövsiyə olunur. Vətəndaşlarımıza lazım olduqda Kiyevdəki səfirliyimizlə əlaqə saxlamaları tövsiyə edilir”, – Türkiyə XİN-in açıqlamasında deyilir.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Check Also

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır

Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır. Boyukmillet.com “Akşam”a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat …