Türkiyədə AKP-nin seçki tədbirində silahlı hücumla bağlı saxlanılan var.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Dünən Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın seçki kampaniyası zamanı baş verən iyrənc hücumu qınayır və lənətləyirəm. Lazımi araşdırmalar ciddi şəkildə aparılır. Biri tutuldu, digərlərini də tutacağıq”, – Ərdoğan deyib.
Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davam etdiriləcək: “Biz Türkiyənin etibarsızlıq mühitinə sürüklənməsinə imkan vermədik və verməyəcəyik”.
Qeyd edək ki, fevralın 10-da saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.
Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.