Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşlarını təxliyə edən növbəti avtobus Bakı beynəlxalq avtovağzalına çatıb.
Boyukmillet.com xəbər verir ki, 20 nəfərin olduğu avtobus iki gün yol gəlib.
Bu dəfə təxliyə olunanlar əsasən Elbistan və Kahramanmaraş bölgəsində yaşayanlarıdır. Onların arasında həm Azərbaycan, həm də Türkiyə vətəndaşları var.
Qeyd edək ki, fevralın 10-da Bakıya çatan təxliyə avtobusu sayca səkkizincidir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Təbii fəlakət həmçinin Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub, eyni zamanda Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə də hiss edilib.