Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitəcək

Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq.  

Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib. Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək.

Xaricdə ümumilikdə 3 416 098 seçici qeydə alınıb. Dünyanın 73 ölkəsində seçki məntəqələri açıqdır. Səsvermə bülletenləri gücləndirilmiş mühafizə altında Türkiyəyə çatdırılacaq.

YSK-nın məlumatına görə, ən çox seçici Almaniyada qeydiyyatdan keçib – 1 501 152 nəfər. Sonrakı yerlərdə Fransa (397 086) və Niderland (268 753) gəlir.

Seçki məntəqələrinin açıq olduğu ölkələr arasında ən az seçici Braziliyada (581 nəfər), Nigeriyada (584) və Türkmənistandadır (635).

Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu lazım gələrsə, mayın 28-də keçiriləcək. Səsvermənin ikinci turu üçün xarici nümayəndəliklərdə səsvermə mayın 20-24-nə təyin edilib.

Mayın 6-na olan məlumata görə, xarici nümayəndəliklərdə səs verən seçicilərin sayı 2018-ci il seçkilərində iştirak edənləri ötüb.

Check Also

İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib

İranda Tehran Universitetində antropologiya sahəsində magistratura üzrə dissertasiyasını hicabsız müdafiə etmiş tələbə Leyla Hüseynzadə bir …