Şənbə , 23 Noyabr 2024
Drone Cameras

UŞAQ BAXÇASI, YOXSA TOYUQ HİNİ? – Yevlax təhsilində “əndirabadi” olaylar…

Həmişə böyüyə, ağbirçəyə, ağsaqqala hörmətimizlə fəxr etmişik. Elə bil getdikcə bu adət-ənənəmizi unuduruq. Məsələn,Yevlax təhsil sahəsindən bizə çatan sədalardan bunu hiss edirik. Bu rayonun Tofiq İsmayılov adına Kövər kənd orta məktəbində ibtidai sinif müəllimi işləmiş Aygün Həsənova dərdini bizimlə bölüşdü. Aygün xanım təcrübəli pedaqoqdur. İşlədiyi dövrdə vicdanla çalışıb,müəllim adını uca tutub. Yeganə “günah”ı təqaüd yaşında olmasıdır. Məktəbin direktoru Sevda Kərimova Yevlax Təhsil sektorunun müdiri Namidə Abbasova ilə əl-ələ verərək işləmək həvəsi tükənməyən, fəaliyyət qabiliyyəti qənaətbəxş olan bir insanı yaş həddinə görə məktəbdən uzaqlaşdırıblar.Əvəzində isə məktəbə Yevlaxdakı digər bir məktəbdən-8 saylı uşaq bagcası, yoxud məktəbdən Sevinc və Şəlalə adlı iki nəfər keçirilib. Bu müəllimlər heç keçid balını belə toplaya bilməyiblər. Amma arxayındılar, çünki nə qədər ki, arxalarında təhsil sektorunun böyüyü Namidə xanım var,onlara zaval yoxdur.

Namidə Abbasovanın hərdən belə qəfil gedişləri olur. Məsələn,Yevlax şəhər 4 saylı tam orta məktəbdə direktor müavini yeri boşalan kimi öz yaxınları hesabına oranı doldurdu. Həmin post Namidə xanımın doğmaca bacısı Nərminə Abbasovaya bəxş edilib. Nərminə xanımdan əvvəl isə bu vəzifəni Namidə və Nərminə Abbasova bacılarının anası Bəsti Abbasova daşıyırdı. Bir sözlə,irsi idarəçilik.Qeyd edək ki, Namidə müəllim özü vaxtilə zəruri keçid balını yığa bilməyib. Amma hansısa sehrli əl onun karyerasını yüksəldib. O da bu estafeti davam etdirir. Sevda Kərimova ilə bərabər Yevlax tədrisini “xoşbəxt” edirlər.Bunu Kövər kənd məktəbinin təcrübəli müəllimi Aygün xanımın nümunəsində görürük.Namidə Abbasova başqa yerdən,məktəblərdən bacarıqsız,təcrübəsiz,imtahanda zəif nəticə göstərən müəllimləri nəyinsə qarşılığında Sevda Kərimovanın himayəsinə göndərir,qurban isə illərini təhsilə,məktəbə vermiş Aygün Həsənova kimi vətəndaşlar olur.Səbəb də pensiyaya çıxması,yaşa dolmasıdır.Pensioner məgər işləyə bilməz?

Aygün xanımın bu ilin avqustunda 65 yaşı tamam olub. Şikayətçi bildirir ki,elm və təhsil nazirinin göstərişinə əsasən müəllim təqaüd yaşına çatsa da, təqaüdçü olsa da, əgər öhdəsində sinif varsa,o sinfin buraxılış ilinə uyğun olaraq iş müddəti uzadılmalıdır. Ümumiyyətlə isə qanunvericiliyə görə müəssisə rəhbəri pensiyaçı əməkdaşın əmək müqaviləsini uzada bilər. Aygün xanım dediyinə görə həmişə işində tələbkar, nümunəvi olub, heç bir problemi olmayıb, kollektiv, şagirdlər, valideynlər tərəfindən sevilib. Aygün xanım Namidə Abbasovanın güclə yığdığı 23 balı iki mislini rahat şəkildə toplayır. Elə isə səbəb nədir? Yaşlı insanın hüququ yoxdur? Yoxsa, Sevda Kərimovanın, Namidə Abbasovanın başqa qanunu, məcəlləsi var?

Şagirdlər də,valideynlər də Aygün müəllimin işə davam etməsini istəyirlər. Necə olur ki,ondan əvvəl eyni yaş həddini haqlamış Elnurə müəllimin müqaviləsi bir il uzadılır, amma Aygün xanıma bir gün də güzəşt edilmir. Üç il eyni şagirdlərə bilik verib,əziyyət çəkib,hazırlaşdırıb,indi hazır sinfi alıb 15 bal toplanmış birinə ötürürlər. Bu hansı məntiqə uyğun gəlir? Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun bu məsələlərdən xəbərdar olmadığına inanmıram. Bəs görəsən o niyə problemi araşdırmır? 65 yaşına çatmış pedaqoqu qiymətləndirmək əvəzinə Elçin, Namidə, Sevda kimiləri həyatdan küsdürürlər. Qanuna əməl edənsinizsə,dərs saatlarının hansı meyarlarla bölünməsinə də aydınlıq gətirin. Qanun humanizmi inkar etmir. Böyüyə hörmət qoymaq hər kəsin borcudur. Gələcək nəsil bağçalarda,məktəblərdə yetişməyə başlayır. Uşaqların gözü qarşısında böyük nəslə belə sayğısız yanaşılırsa, onlar nə örnək götürəcəklər? Elçin Kərimov, bir məktəbin nümunəsində təqdim etdiyimiz vətəndaş şikayəti,üzə çıxan qanunsuzluq halları sizin işinizin nöqsansız olmadığından xəbər verir. Hələ bu bir misal idi. Tabeliyinizdəki başqa təhsil şöbələrindən də xəbərlər çatır. Dərs bölgüsü,kadr yerləşdirmələri,bir müəllimə siniflərə şagird topladıb sonra onu rəhbərliyə yaxın digər müəllimə peşkəş edilməsi ilə bağlı narazılıqlar var.

Bir neçə kəlmə də məktəbəqədər təhsil müəssisələri barədə yazmaq istəyirəm. Kövsər kəndində uşaq bağçası var.İcra hakimiyyətinin öhdəsində olanda hər cür şərait yaradılmışdı, təminatı, baxımı çox yaxşı idi.Körpələr və uşaq bağçalarının tabeliyini dəyişib təhsil idarələrinin balansına keçirdikdən sonra şərait, vəziyyət günü-gündən pisləşdi. Fotolara baxanda hər şey aydın olur. Uşaq bağçasını xatırladan bir əlamət belə tapmaq olmur. Elçin Kərimov dərs saatlarını nəyinsə müqabilində necə bölməyi Namidə, Sevda kimi işçiləri ilə baş sındırmaqdansa,bu cür çatışmazlıqları aradan qaldırmağı düşünməlidir. Axı bu çirkaba, infeksiya mənbəyinə hələ də uşaqlar ayaq basırlar. Bu sizi narahat etmir, cənab Kərimov Elçin müəllim? Nə üçün uşaq bağçasından toyuq-cücə saxlamaq, barama çıxartmaq üçün istifadə olunur? Əslində məktəbəqədər təhsil müəssisəsini bu kökə salanlardan məktəbə, müəllimlərə qayğı gözləmək də heç düzgün deyil. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyi nəzərlərini bir az da Yevlaxa yönəltsin.
Ardı var….

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sona BABAYEVA,

Qaynarxett.az

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …