Jurnalist Məhəmmədəli Qəribli özünün sosial şəbəkədəki hesabında maraqlı bir tarixi əks etdirən və 1941-ci ildə nəşr olunan qəzet səhifəsini paylaşıb. Azinforum.az həmin statusu və fotonu təqdim edir:
“Əlimə çox maraqlı olan bir tarixi bir fakt keçdi. Naxçıvan Muxtar Respublikasının rəsmi qəzeti olan “Şərq Qapısı”nın 1941-ci ildə nəşr edilən saylarından birində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun SSRİ Ali Sovetinə Naxçıvandan deputat seçildiyinə dair fakt öz əksini tapır.
Sən demə, 1946-cı ildə ikinci çağırış SSRİ Ali Sovetinə deputat seçilən dahi bəstəkar bundan əvvəlki çağrışda da ittifaq dövlətinin parlamentində Naxçıvan Muxtar Respublikasını təmsil edib. Yəni 1940-1945 və 1945-1950-ci illərdə Naxçıvanın SSRİ Ali Sovetindəki deputatı olub.
Paylaşdığım qəzet materialındakı yazıdan görünür ki, Üzeyir Hacıbəyov bir deputat kimi Naxçıvana etdiyi səfərlər zamanı oranın bütün rayon və kəndlərini qarış-qarış gəzib. Etiraf edim ki, bu tarixi fakt mənim üçün bir yenilik oldu”.