Ermənistanın mifləşdirdiyi və keçilməz olduğu düşünülən “Ohanyan” səddi cəmi bir saata yarılıb.
Bunu “Report”un Füzuliyə ezam olunmuş əməkdaşına rayonun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil olunmuş mediaturda Azərbaycan Ordusunun Vətən müharibəsində iştirak etmiş zabiti deyib.
O bildirib ki, Füzulidə yerləşən Məngələnata yüksəkliyi rayonun işğaldan azad olunması üçün strateji əhəmiyyətli yüksəkliklərdən olub:
“Vətən müharibəsində düşmənin qüvvələrini yarmaq üçün ilk əməliyyat Füzuli istiqamətində olub. Ermənistanın uydurduğu “Ohanyan” səddini Azərbaycan Ordusu cəmi bir saata yarıb. Həm siyasətdə, həm də döyüşdə göstərdik ki, güclü olan tərəf bizik. Prezident, Ali Baş Komandan İlham Əliyevin vaxtında və düzgün qəbul etdiyi qərarlar mühüm rol oynadı”.
Hərbi qulluqçu bildirib ki, Ermənistanın uydurduğu və mifləşdirdiyi yalana bir müddət sonra özləri də inanıb. Onun sözlərinə görə, düşmən qurduğu səddin və istehkamın keçilməz olduğunu düşünürdü.
“Ohanyan” səddinin yarılması qarşı tərəfdə ruh düşkünlüyü yaratdı. Bundan sonra onlar dəstə şəkilində parçalanmağa başladılar. Azərbaycan Silahlı Qüvvələrinin rəhbər heyətlərinin vaxtında və düzgün verdikləri qərarla düşmənin zəif yerləri analiz olundu, onlara bir neçə istiqamətdə hücum edildi və aypara şəklində mühasirəyə alındılar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağ və ətraf rayonlarda başlatdığı əks-hücum əməliyyatı ilə start götürən Vətən müharibəsi nəticəsində oktyabrın 17-də Füzuli şəhəri Ermənistanın işğalından azad edilib.