O, hüquqlarını yalnız öz vəkili Avraam Bermanın qorumasını istəyib
Bakıda həbsdə olan erməni milyarder, Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan dövlətinin təyin etdiyi vəkildən imtina edib.
Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət kollegiyanın idarə etdiyi məhkəmədə Ruben Vardanyanın iki vəkili olub. O, bunlardan biri olan Avraam Bermanla öz istəyi ilə müqavilə bağlayıb, digərini – Azər Məhərrəmovu isə Azərbaycan dövləti təyin edib.
O, hüquqlarını yalnız öz vəkili Avraam Bermanın qorumasını istəyib.
Məhkəmə prosesindəki prokurorlar da deyiblər ki, bu, təqsirləndirilən şəxsin hüququdur, onun istəyinə etiraz etmirlər.
Məhkəmə dövlət hesabına müdafiəçidən imtinanı qəbul edib.
Ruben Vardanyanın işi üzrə məhkəmə prosesində ard-arda bir neçə iclasdır prokurorlar növbəli şəkildə ittiham aktını açıqlayırlar. Orada Qarabağın müxtəlif rayon, qəsəbə və kəndlərinin işğalı, bu zaman yaşanan olaylardan söhbət gedir.
İttiham aktının həcmi böyük olduğundan sənədin elanı fevralın 17-də keçiriləcək növbəti iclasda davam etdiriləcək.
Qarabağda separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan və David Manukyan da daxil olmaqla, Azərbaycanda həbsdə olan 15 nəfərin işi üzrə məhkəmə prosesi davam etdirilir.
Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr yaratma) maddələrilə ittiham irəli sürülüb. Bu ittihamlarda 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onlar Azərbaycan ərazilərinin minalanması, 2020-ci ildə Gəncə və Bərdəyə raket atılması, nəticədə mülki əhalinin öldürülməsi, terror hücumlarının təşkili və başqa çoxsaylı cinayətlərdə ittiham olunur.
Separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın işi üzrə ayrıca təhqiqat aparılır.
Ruben Vardanyana qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.
2023-cü ilin sentyabrında Qarabağda əməliyyatlardan sonra Ruben Vardanyan Laçın dəhlizində saxlanılıb.