ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan, xarici diplomatlar və hərbi attaşelər, ABŞ-ın beyin mərkəzlərinin təmsilçiləri və ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib, Azərbaycanın tarixi qələbəsindən bəhs edən görüntülər nümayiş etdirilib.
C.Bayramov çıxışında tarix boyu ağır sınaqlardan çıxan Azərbaycan xalqının varlığını, ərazi bütövlüyünü qorumaq üçün hər zaman birlik və bərabərlik nümayiş etdirdiyini deyib.
Nazir Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən taptağında olan torpaqları 30 ildən sonra işğaldan qurtararaq tarix yazdığını vurğulayıb: “Azərbaycan xalqının bu ağır sınaqdan zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə sonsuz sevgi hissidir”.
Tədbirin bədii hissəsində azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab və xanımı musiqiçi Leyla Babayevanın ifasında Azərbaycan müsiqiləri səsləndirilib.