Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Vasitəçilərin fəaliyyətsizliyi və seyrçi mövqe tutmaları erməniləri get-gedə daha artıq dərəcədə şirnikləndirir.

Düşmən işğalı altında qalan Mədəniyyət paytaxtımız Şuşada bu gün axşam saatlarında Qarabağ separatçılarının yeni “lideri” Araik Arutunyan üçün “andiçmə mərasimi”nin düzənlənəcəyi, atəşfəşanlıq təşkil ediləcəyi gözlənilir. Hətta Şuşanın Dağlıq Qarabağın separatçı-terrorçu rejiminin “paytaxtı” elan ediləcəyini də deyirlər. Ermənistanın avantürist Baş naziri Nikol Paşinyanın da sözügedən “mərasimdə” iştirak üçün Şuşaya gələcəyi nəzərdə tutulur. Bəlkə də artıq gəlib. Əlbəttə, bütün bunlar hər bir azərbaycanlı üçün ağrılı məsələlərdir. Mən də bir Qarabağ qazisi kimi düşmənlərimizin bu cür həyasız davranışlarını lənətləyirəm. Onlar niyə məhz Şuşanı hədəf və məkan olaraq seçiblər? Qondarma mərasimin sülh danışıqlarını pozmağa və Azərbaycanı təcavüzkar ölkə kimi təqdim etməyə hesablanmış bir təxribat planı olması heç kimdə şübhə doğurmur. İstər rəsmi İrəvan, istərsə də Xankəndində yuva salmış separatçılar əvvəlki illərdə də bu və buna bənzər qızışdırıcı, təhrikçi tədbirlər təşkil ediblər. Bu dəfə isə məhz Şuşa şəhərini hədəf seçmələri isə erməni həyasızlığının lap son həddidir. Biz pandemiya dövründə münaqişə tərəflərini atəşkəsə çağıran BMT Baş katibi A.Quttereşi işğalçı ermənilərin pandemiya şəraitində təşkil etdikləri bu rəzaləti görməyə və qarşısını almağa çağırırıq. Eləcə də, ATƏT-in Minsk qrupunun həmsədrlərini rəsmi İrəvanın və qondarma rejimin heç bir beynəlxalq hüquq normalarına sığmayan bu qızışdırıcı hərəkətlərinə sərt formada siyasi-diplomatik qiymət verməyə çağırırıq. Vasitəçilərin fəaliyyətsizliyi və seyrçi mövqe tutmaları erməniləri get-gedə daha artıq dərəcədə şirnikləndirir.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı

Check Also

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə …