Cümə , 19 Aprel 2024
Drone Cameras

Vilayət Eyvazova polislərdən şikayət

Bütöv Azərbaycan Mühafizəkarları Təşkilatının (BAMT) sədri Vüsal Əfəndi öz facebook səhifəsində, Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

Boyukmillet.com olaraq həmin müraciəti sizlərin nəzərinə çatdırırıq.


Bu gün saat 12 radələrində Bakıxanov qəsəbəsində maskadan düzgün istifadə etməmək ittihamı ilə Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, bir qrup vətəndaşla birgə 13-cu Polis bölməsinə gətirildik. Bizi bölməyə aparan polis əməkdaşına: “Yerində cəriməmizi yazın, gedək. Bu qədər adamı bir maşının içərisinə salıb harasa aparmağa nə ehtiyac var?” desək də, bizim bu haqlı tələbimizə məhəl qoyulmadı. Bölməyə gələndə bölmədə polis əməkdaşlarının çoxunun maskasız olduğunu gördüm və bunu Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə bildirdim. Az bir müddət keçəndən sonra növbətçi hissədən bir maskasız polis əməkdaşı çıxaraq, “102-yə məlumat verən sizsiniz?” deyə soruşdu. Dedim, bəli. Mənə cavabı “Guya nə dəyişdi?” oldu. “Heç nə dəyişmədi, bir də şikayət edərik, deyib növbəti dəfə 102 xidmətinə zəng edərək bildirdim ki, bəs mən sizə müraciət etdim. Bu bölmədə olan polis əməkdaşlarının yarıdan çoxu maska taxmır. Bu qanunlar elə biz sadə vətəndaşlar üçündür? Niyə bizə qanunları qorumaqda nümunə olmalı olan polis əməkdaşları bu qanunlara birinci riayət etmir?” dedim.

Hələ ən acınacaqlısı, axşama qədər yerində cəriməni ödəməsək, bizi məhkəməyə aparıb, orada 15 sutkadan, bir aya qədər həbs edəcəkləri ilə hədələmələri idi. Axşam saat 16:30-a qədər məni bölmədə saxladıqdan sonra orada baş verənləri çəkib, çəkmədiyimi məndən soruşdular. Orada bu özbaşınaqlara görə danışan ancaq mən olduğuma görə, narahat idilər ki, bəlkə çəkiliş etmişəm. Yalnız yox cavabı verəndən sonra məni “bu yaxşı oğlandır, bunu buraxın, getsin” deyib, bölmədən buraxdılar. Digər vətəndaşların da hamısı yerində ödəniş edərək bir-bir buraxılırdı. İndi mən sual edirəm, 13-cü polis bölməsində baş verən bütün bu hərəkətlər qanunidir? Və ən əsası, bu günə qədər polis bölmələrində maskasız gəzən neçə polis cərimələnib? Bütün bu suallara sizdən yaxşı oğlan cavab istəyir.

Cənab Vilayət Eyvazov, şəxsən sizə müraciət edirəm. Bu gün 13-cü polis bölməsində baş verənlər kameraların altında baş verib. Bu ölkənin sadə bir vətəndaşı kimi bütün bu olanların araşdırılmasını və olanlara hüquqi qiymət verilməsini istəyirəm. Qanun qarşısında hər birimiz bərabərik. İnanıram ki, bu məsələyə səthi yanaşılmayacaq. Vətəndaşları bu formada incitmək nəyə lazımdır? Cənab Nazir, güc strukturları vətəndaşları özlərindən küsdürməməlidir. İnanıram ki, mənim publik və rəsmi etdiyim bütün müraciətlərə obyektiv baxılacaq. Və mənə də bu haqda rəsmi məlumat veriləcək.

Boyukmillet.com
Ayna Fərhad

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …