Cümə , 19 Aprel 2024
Drone Cameras

Xəzər dənizinin gəmilər vasitəsi ilə çirklənməsinin qarşısı alınacaq

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin gəmilər vasitəsi ilə çirkləndirilməsinin qarşısını almaq niyyətindədir.

Boyukmillet.com xəbər verir ki, bu məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Nəqliyyat Komitəsinin əməkdaşları, həmçinin dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə məsul qurum olan “Qazaxıstan su yolları” dövlət müəssisəsinin rəhbərliyi ilə keçirdiyi görüşdə müzakirə olunub.

Görüş zamanı son illər iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq və dəniz nəqliyyatı sahəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında danışılıb. Gələcəkdə sözügedən marşrut üzrə atıla biləcək addımlar barədə müzakirələr aparılıb.

Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyinə dair məsələlər də müzakirə predmeti olub.

Bununla yanaşı, dənizçilərə verilən sənədlərin qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu layihəsinin hazırlanması istiqamətində işlərin başlanılmasına dair razılıq əldə edilib.

Qonaqlar axtarış-xilasetmə tədbirləri və gəmilərin hərəkətinin idarə olunması sistemi ilə bağlı Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini ifadə ediblər.

Sonda Qazaxıstanın nümayəndə heyəti Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Bundan əlavə, Qazaxıstanın nümayəndə heyəti səfər çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində də olublar.

Check Also

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni layihənin icrasına başlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakıətrafı qəsəbələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin …