Samir Adıgözəlli:“Burada söhbət şəffaflığın nə dərəcədə təmin olunmasından gedir ki, bu işi həyata keçirəcək qurum və şəxslər şəffaflığı nə qədər təmin edəcə biləcəklər”
“İctimaiyyət, bizlər necə biləcəyik ki, sosial yardım verilən xaricdəki “aztəminatlı ailə”lər həqiqətən bu yardıma ehtiyacı olan ailələrdir, şəxslərdir?”
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə daha sıx əlaqələr qurması, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsi üçün dövlətimiz tərəfindən müxtəlif addımlar atılır.
Əlbəttə, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanla sıx əlaqələr yaratmağa ciddi meyl göstərmələri tez-tez öz tarixi vətənlərinə gəlmələri, yaşadıqları ölkələrdə Azərbaycanı yüksək səviyyədə təmsil etmələri faktdır. Azərbaycan dövləti ilə xaricdə yaşayan soydaşlarımız arasında hər zaman sıx və qırılmaz əlaqələr mövcuddur.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Türkiyədə müvafiq sənədləri olmadan yaşayan soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanıb.
Komitə sədri eyni zamanda vurğulayıb ki, Azərbaycan dövləti həmişə xaricdə yaşayan soydaşlarının yanındadır. Onun sözlərinə görə, soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi, “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın hazırlanması üzərində işlər aparılır: “Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsun”.
F.Muradov həmçinin əlavə edib ki, xaricdə yaşayan soydaşlarımızla bağlı qanun layihəsi üzərində işlər yekunlaşıb. Qanun layihəsi hazırlanan zaman dünya təcrübəsi də öyrənilib: “Layihə müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq”
Qeyd edək ki, sözügedən məsələ heç də birmənalı olaraq qarşılanmır. Bəziləri hesab edir ki, Komitə tərəfindən hazırlanan yeni qanun layihəsi tətbiq edilərsə, bu müəyyən sui-istifadələrə yol aça, kimlər üçün isə əlavə qazanc yerinə çevirilə bilər. Bu gün xaricdə yaşayan azərbaycanlılar arasında aztəmiantlı ailələrin olmasını müəyyən etməyin özünün də çətin bir prosedur olduğunu deyən bəzi ekspertlər hesab edirlər ki, qanun qəbul etdikdən sonra onun işləkliyinin təmin edilməsi üçün mükəmməl mexanizm tapılmalıdır.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəllinin fikrincə isə, bu məsələnin müsbət tərəflərindən çox, mənfi tərəfləri ola bilər. “Əvvəla, bu qanun layihəsinin içində yer alan məsələlərdən tam olaraq xəbərim yoxdur. Ümumi olaraq mən də bunun haqqında mətbuatdan eşitmişəm, ona görə də hər maddə haqqında detallı fikir bildirmək çətindir. Amma hər halda, soydaşlarımız və diaspor haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı belə bir qanun layihəsinin hazırlanması müsbət haldır. Əsas məsələ nədir? Burada söhbət xaricdə yaşayan aztəminatlı Azərbaycan ailələrindən gedir. Bilirsiz, biz yenə də hədəfi, məsələnin həlli tərəflərini kənarda qoyub elə hesab edirik ki, xaricdə yaşayan soydaşımıza ayda bir qədər pul verməklə onun sosial problemini həll etmiş olacağıq və bununla da problem bitəcək. Bu, təbii ki, müxtəlif neqativ halların meydana çıxmasına şərait yaradacaq. Çünki istər-istəməz bizə bu işin hansı mexanizmlə həyata keçiriləcəyi maraqlıdır. Burada söhbət şəffaflığın nə dərəcədə təmin olunmasından gedir ki, bu işi həyata keçirəcək qurum və şəxslər şəffaflığı nə qədər təmin edə biləcəklər. İctimaiyyət, bizlər necə biləcəyik ki, sosial yardım verilən xaricdəki “aztəminatlı ailə”lər həqiqətənmi bu yardıma ehtiyacı olan ailələrdir, şəxslərdir? Hazırda Ukraynadayam. Burada soydaşlarımız işləyirlər, qazanırlar, onlara burada müsbət münasibət var və bir azərbaycanlı kimi onların imici müsbətdir, onlar bu imici sona qədər qorumaq istəyirlər”.
S.Adıgözəlli bildirdi ki, xaricdəki diaspor qurumları arasında da birliyə nail olunması lazımdır. O hesab edir ki, bəzi diaspor qurumları arasında birlik mövcuddur, amma onun sözlərinə görə, bu birliyin halqası daha da böyüməlidir.
O qeyd etdi ki, Rusiyada və digər yerlərdə bir azərbaycanlı vəfat edərsə burada azərbaycanlılar yığışaraq onun cənazə mərasimini həyata keçirirlər. O qeyd etdi ki, müəyyən çətinliklər yarandıqda isə səfirliklər, diaspor komitəsi bu məsələyə qarışmalıdır. “Cənab Prezident bu barədə dəfələrlə öz çıxışlarında deyib ki, diaspor təşkilatları ilə səfirliklərimiz əlaqəli şəkildə işlənilməlidirlər. Amma bu çıxışın üstündən illər keçib, bu sahədə irəliləyiş yoxdur. Hələ də biz diaspor sahəsində ciddi irəliləyiş görmürük. Yəni hansısa bir qanunu qəbul edəcəyiksə və o qanun kağız üzərində qalacaqsa, yaxud bir qrup insanı incidəcəksə, ya da digər bir qrupun maraqlarına xidmət edəcəksə onun heç bir mənası olmayacaq. Diaspor Komitəsinin aparatında işləyən hansısa bir məmur hansısa özünə yaxın olan diaspor təşkilatının əli ilə pulu sosial cəhətdən heç bir ehtiyacı olmayan təmin olunmuş qruplara ötürəcəksə, yaxud öz övladı üçün təhsil haqqı ödəniləcəksə bu da yaxşı nəticə verməyəcək. Bu cür yanaşma ilə biz istədiyimizə nail ola bilmərik. Xaricdə yaşayan aztəminatlı ailələrin aşkarlanıb üzə çıxarılması üçün peşəkarlardan ibarət xüsusi işçi qrup yaradılmalıdır, o insanlar tapılmalıdır, bu işdə şəffaflıq təmin olunmalıdır, əks təqdirdə bu yaxşı nəticə verməz. İstəmirəm ki, Azərbaycan dövlətinin pulu kimlərinsə xaricdəki qohumlarının cibinə axsın. Həmin vəsait doğrudan da tam şəffaf şəkildə xaricdəki aztəminatlı azərbaycanlı ailələrə çatdırılarsa bu çox yaxşı olar”-deyə S.Adıgözəlli vurğualdı.
İradə SARIYEVA