Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin həmsədrliyi ilə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclası keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
İclas zamanı, Azərbaycan-Avropa İttifaqı əlaqələri, xüsusilə Azərbaycanla Avropa İttifaqı arasında müzakirə edilməkdə olan hərtərəfli sazişin hazırkı vəziyyəti üzrə müzakirələr aparılıb. Hər iki tərəf bu sazişin qısa müddət ərzində yekunlaşmasına tərəfdar olduğunu təsdiq edib.
Daha sonra Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, sektoral əməkdaşlıq, o cümlədən enerji, nəqliyyat, ətraf mühit, iqtisadi, ticarət, insanlararası əlaqələr, sosial məsələlər, habelə kommunikasiya məsələləri müzakirə edilib. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol Avropa İttifaqı tərəfindən diqqətə çatdırılıb. Azərbaycanın etibarlı tərəfdaş olduğu qeyd edilib və bu xüsusda, 18 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının Prezidenti tərəfindən imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Avropa İttifaqı tərəfi Azərbaycanın təbii qazının təchizat təhlükəsizliyinə və qiymətlərin sabitliyinə töhfə verdiyini bildirib. Eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çoxtərəfli platformalarda inkişaf etdirilməsi perspektivləri və bu kontekstdə, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq və Şərq Tərəfdaşlığının təkmilləşdirilməsi yolları müzakirə edilib.
Gündəliyin digər bəndi üzrə regional məsələlərə diqqət yönəldilib. Bu xüsusda, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi ətrafında geniş müzakirə aparılıb. Nazir Ceyhun Bayramov normallaşma prosesinin hazırkı vəziyyəti, Azərbaycan tərəfindən göstərilən yanaşma və baxış diqqətə çatdırılıb. Sülh sazişinin imzalanması, bu xüsusda Azərbaycanın sistemli və strukturlu yanaşmanın tərəfdarı olduğu qeyd edilib. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, eyni zamanda, Azərbaycanla Ermənistan arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi sahəsində Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.
Nazir xüsusilə, münaqişədən sonrakı bərpa işləri barədə məlumat verib. Cari iclasın əlamətdar tarixi günə, ilk dəfə öz yurdlarından qovulmuş məcburi köçkünlərin Zəngilanın Ağalı kəndinə qayıdışına təsadüf etdiyini vurğulayıb. Nazir, həmçinin münaqişədən sonrakı bərpa və quruculuq işləri kontekstində Azərbaycan ərazilərinin kütləvi şəkildə minalardan çirklənməsi məsələlərinə diqqət yetirdi, bunun məcburi köçkünlərin tezliklə qayıdışına ciddi əngəl olduğunu, Azərbaycan mülki şəxslərinin mütəmadi əsasda baş verən partlayışlar nəticəsində həlak olduğunu, yaralandığını tərəf müqabillərinin diqqətinə çatdırıb. Ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana yardımın və əməkdaşlığın əhəmiyyət daşıdığı qeyd olunub.
Görüş zamanı, Azərbaycan-Avropa İttifaqı gündəliyinin digər məsələləri, o cümlədən, demokratiya, insan hüquqları, qanunun aliliyi sahəsində əməkdaşlıq və bu istiqamətdə Azərbaycanda atılan addımlar və islahatlar barədə məlumat verilib, gündəlikdə duran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasın sonunda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrel mətbuat açıqlamaları ilə çıxış ediblər.