Xocalı faciəsi, artıq 33 il keçməsinə baxmayaraq,I Qarabağ müharibəsinin unudulmayan, millətin qan yaddaşına həkk olunmuş ən dəhşətli və faciəvi
səhifələrindən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə iştirakı ilə Xocalı şəhərinə hücum edilərək dinc əhaliyə qarşı soyqırım törədildi. Xocalı qətliamı, bəlkə də dünya tarixinin ən acımasız qətliamlarından biridir.
Fevralın 25-dən 26-na keçən gecə bütün şəhəri yanğınlar bürümüş, bir çox insanlar öldürülmüşdü. Hər tərəfdə silahlı ermənilər dinc əhaliyə amansız divan tutmuşdular. Onlar yaşlı, uşaq , qadın demədən qarşılarına çıxan hər kəsi vəhşicəsinə qətlə yetirir, hətta hamilə qadınların qarınlarını cıraraq, doğulmamış körpələri belə qətlə yetirirdilər. Yanğınlardan qurtularaq şəhəri tərk etməyə məcbur qalmış insanlar dağlara,
meşələrə qaçsalar da onların bir qismi soyuq, qarlı qış gecəsində donaraq ölmüş, nə qədər Azərbaycan qız-gəlin əsir götürülərək günümüzə qədər işgəncə altında saxlanılmış və hələ də saxlanılır. Ümumilikdə bu qətliamın nəticəsində 613 nəfər öldürülüb, onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə yaşlı insan olub. Hücumlar nəticəsində 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, əsir götürülən insanların isə böyük
əksəriyyəti qızlar və qadınlardır ki, illər boyu amansız işgəncələrə məruz qalıblar.
Unutmayaq ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı yox, ümumiyyətlə, bəşəriyyətə və insanlığa qarşı törədilmiş böyük bir vəhşətdir.
Bəs nə üçün qondarma, bir əsrdən uzun bir zaman öncə törədildiyi iddia edilən, lakin heç bir tarixi mənbəyə, sübutlara, faktlara söykənməyən “erməni soyqrımı” dünyada tanındığı halda, Xocalı soyqrımı rəsmi olaraq bir çox dövlətlər tərəfindən tanınmır? BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsilə bağlı 822, 853. 874, 884 saylı qətnamələrin qəbul edilməsinə baxmayaraq yaxın keçmişdə olan bu insanlıq cinayəti ilə əlaqədar birbaşa bu cinayəti törətmiş şəxslər niyə beynəlxalq məhkəmələr
qarşısına çıxarılmır? Halbuki bu şəxslərin çoxu sosial şəbəkələrdə , eləcə də müxtəlif zamanlarda
mətbuatda verdikləri ifadələrdə bu cinayətləri, hətta törətdikləri vəhşilikləri belə ən kiçik detallarına qədər etiraf edirlər.
Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edən və məsuliyyət daşıyan bir neçə Serj Sarkisyan, Seyran Ohanyan, Arkadi Ter-
Tadevosyan, Monte Melkonyan və başqaları kimi erməni hərbi və siyasi şəxsləri var ki, bu şəxslər Xocalı soyqırımının əsas təşkilatçıları və icraçıları olsalar da, bu günə qədər beynəlxalq məhkəmə qarşısında cavab verməyiblər.
Britaniyalı jurnalist Tomas de Vaalın “Qara Bağ” kitabında Serj Sarkisyanın Xocalı faciəsi ilə bağlı dediyi məşhur ifadə var: “Xocalıya qədər
azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmaz. Biz bu stereotipi qırdıq.” Burda Serj Sarkisyan hansı stereotipi qırmasından danışır? Sizcə də bu edilən vəhşiliklərlə bağlı bir etiraf deyilmi? Bu ifadələri istifadə edən bir şəxs sonradan Ermənistanın müdafiə naziri, baş
naziri və prezidenti oldu və dünya dövlətləri belə qatillərlə siyasi masalar arxasında oturaraq müzakirələr aparır, müqavilələr bağlayır və əl sıxışırlar. Ümid edirəm ki, bu qatilllər tezliklə dünya ictimaiyyəti və Azərbaycan xalqı qarşısında öz layiqli cəzalarını tapacaqlar.Məncə hələ də gec deyil…
Başın sağ olsun Azərbaycan!
Allah şəhidlərimizə rəhmət eləsin! Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq!

Mustafa Xəyal
Boyukmillet.com Avropa təmsilçisi