Çərşənbə , 18 Fevral 2026
Drone Cameras

Xocalıda mina partlayışı: ANAMA əməkdaşı xidmət zamanı xəsarət alıb

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vasif Çobanov fevralın 18-də Xocalı rayonunun Muxtar kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.

Rəsmi məlumatda bildirilir ki, hadisə Çobanov xidməti vəzifəsini yerinə yetirərkən baş verib. O, piyada əleyhinə minaya düşüb və sol əlindən, eləcə də üz nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkən rayon mərkəzi xəstəxanasına təxliyə olunub, vəziyyətinin qənaətbəxş olduğu və həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ilə bağlı Vasif Çobanovun özü və yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Rəsmi qurumların məlumatına görə, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra Azərbaycanda 70-dən çox şəxs mina partlayışları nəticəsində həyatını itirib, 350-yə yaxın insan isə müxtəlif xəsarətlər alıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan işğaldan azad edilmiş ərazilərdə basdırılmış minaların xəritələrini təqdim etməyib. Sonradan bəzi Ermənistan hərbçilərinin Azərbaycana qaytarılması qarşılığında bir sıra ərazilərin mina xəritələrinin verildiyi bildirilib. Lakin Azərbaycan rəsmiləri bu xəritələrin böyük hissəsinin reallığı əks etdirmədiyini vurğulayıblar. Ermənistanın Baş naziri isə əllərində olan bütün xəritələrin Azərbaycana təqdim edildiyini açıqlayıb.

1980-ci illərin sonlarından etibarən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalarla müşayiət olunub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal edilib.

2020-ci ildə baş verən 44 günlük müharibə və 2023-cü ildə keçirilən birgünlük hərbi əməliyyatlardan sonra Bakı bütün ərazilərində suverenliyini bərpa etdiyini elan edib. Bundan sonra Qarabağda yaşayan erməni əhalinin böyük hissəsi bölgəni tərk edib.

Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənədə əsasən, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır və qarşılıqlı ərazi iddialarından imtina edəcəklərini bəyan ediblər.

Check Also

Azyaşlı qızı anasının əlindən alıb, hər kəsin gözü qarşısında qaçırdı – ANBAAN VİDEO

İtaliyanın Berqamo şəhərində gündüz saatlarında supermarketdə baş verən hadisə cəmiyyətdə böyük narahatlıq yaradıb. Təhlükəsizlik kamerasının …