1 il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə ağır işgəncələr verilirdi.
Bunu “Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib.
“1997-ci ilin aprelində təxminən bu saatlarda 7 qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. 1 il 11 ay müddətində əsirlikdə saxlanıldım. 6 ay sonra Ulu Öndər Heydər Əliyevin səyi ilə şəhid qardaşlarımın nəşi düşməndən geri alındı. 1999-cu ilin martında Heydər Əliyevin təkidi ilə əsirlikdən azad olundum”, – o bildirib.
Aqil Əhmədov əlavə edib ki, artıq bir neçə dəfədir buranı ziyarət edir: “Hər ziyarətimdə məndə eyni hisslər olur”.
Qeyd edək ki, 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Onlar – qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri – leytenant Vüqar Yarəhmədov, çavuşlar – Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.