Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Xocalı soyqırımı fotolarda” adlı tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqının tarixində ən dəhşətli, qandonduran, tükürpədici faciələr içərisində Xocalı soyqırımı ayrıca yer tutur: “Xocalı faciəsi eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Qocaların, uşaqların, qadınların ən qəddar şəkildə qətlə yetirilməsi, öldürülən insanların meyitlərinin üzərində təhqiramiz hərəkətlərin edilməsi ondan xəbər verir ki, bu bəşəriyyətə qarşı çevrilmiş bir vəhşilik, cinayət idi. Biz Xocalı hadisəsini birmənalı şəkildə, qəti olaraq soyqırımı hesab edirik. Həmin insanlar azərbaycanlı olduqlarına görə qətlə yetirildilər. Azərbaycan xalqı heç zaman bu soyqırımı unutmayıb, unutmur və heç zaman unutmayacaq. Xocalı soyqırmı Azərbaycan xalqının qan yaddaşına çevrilib və Azərbaycan xalqının tarixinin bütün mərhələlərində ən qanlı faciə kimi Azərbaycan xalqı ilə birlikdə yaşayacaq”.
Ə.Əhmədov qeyd edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması və soyqırımı kimi qəbul olunması istiqamətində böyük işlər görülür, xüsusilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aparılan işlər nəticəsində bir sıra dövlətlərdə Xocalı faciəsi soyqırımı kimi qəbul olunub: “Bütövlükdə daha geniş miqyasda Xocalı faciəsinin soyqırımı kimi qəbul olunması istiqamətində bizim qarşımızda böyük vəzifələr durur. Bu faciənin bizi ən çox narahat edəm məqamlarından biri də odur ki, Xocalı faciəsini törədənlər öz layiqli cəzalarını almayıblar. Nəinki cəzalarını almayıblar, bir sıra hallarda isə onlar Xocalı faciəsini törətdiklərinə görə fəxr etdiklərini dillərinə gətirib və bu barədə bəyanatlar səsləndiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxalq qurumlar tərəfindən Xocalı soyqırımını törədən insanlar barəsində indiyə qədər heç bir addım atmayıblar”.
Daha sonra isə çıxış edən Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, bu gün bütün xocalılar üçün danışmaq çox ağırdır: “Çünki bu gün Xocalının son günüdür. Biz 28 il bundan öncə bilmirdik ki, fevralın 25-i Xocalının son günü olacaq. Çünki respublika rəhbərliyi bizim gündəlik müraciətlərimizə belə cavab verirdi: “Qorxmayın, möhkəm dayanın, sabah gələcəyik” Son bir ayın danışıqlarının məzmunu bu cür idi. Xocalı son 4 ayını mühasirə şəraitində yaşadı. 1991-ci il noyabr ayının 1-dən bugünkü günə qədər mühasirə davam edir. Bu 4 ayda o dövrün deputatları Arif Rəhimzadə, Eldar İbrahimov da təsdiq edə bilər ki, mən dəfələrlə Ali Sovetin iclaslarında xahiş etdim ki, bizə kömək edin. Çünki rəhbərliyin başı burada hakimiyyət uğrunda mübarizəyə qarışmışdı. Ancaq bu çağırışların faydası olmadı. Ümidverici vədlərdən başqa bizə heç nə deyilmədi. Nə vaxt ki, millətə, dövlətə, xalqa rəhbərlik edənlər yerində olmur, vəzifəsinin məsuliyyətini dərk etmir, onda Xocalı məhv olur. Bakıda gedən hakimiyyət davaları nəticəsində düşmənin əlinə fürsət düşdü, düşmən istədiyini etdi, soyqırımı törətdi. Xocalının ətrafında ikinci azərbaycanlılar yaşayan yaşayış məntəqəsi yox idi. Xocalı təkcə ortada qalmışdı”.
O qeyd edib ki, Xocalı soyqırımı ilk dəfə dünyada Heydər Əliyev tərəfindən tanıdılmağa başlanılıb: “Bu tədbirlər bu gün də çox geniş vüsət alıb. Artıq xeyli dövlət müxtəlif səviyyələrdə bu soyqırımı tanıyıb. Beynəlxalq güclər bu gün Xocalı soyqırımına qarşı da, bütövlükdə Azərbaycan torpaqlarının 20%-nin işğal altında qalmasına da göz yumur. Buna görə də işğalçı, terrorçu dövlət bu günə kimi cəzasız qalıb. Biz torpaqlarımızı işğaldan azad etmək, düşməni, işğalçını cəzalandırmaq üçün çox güclü olmalıyıq. Çünki gücün sözünün kəsəri olur, güc qalib gəlir”.
Tədbir daha sonra çıxışlarla davam edib.