Noyabrın 6-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 8 Noyabr – Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirilib.
Boyukmillet.com xəbər verir ki, qanvermə aksiyasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və 300 nəfərə yaxın YAP üzvü iştirak edib.
Yeni Azərbaycan Partiyası ənənəvi olaraq hər il qanvermə aksiyaları keçirir. Xüsusilə, partiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyaları təşkil edib. YAP Mərkəzi Aparatında təşkil olunan növbəti qanvermə aksiyası da partiya üzvlərinin vətənpərvərliyinin, onların ölkəmizdə həyata keçirilən bütün humanist işlərdə fəallıq göstərmələrinin ifadəsidir.
Aksiyaya Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Mərkəzi Qan Bankının donorçuluq müayinə kabinetinin müdiri Namirə Abbasova bildirib ki, Yeni Azərbaycan Partiyasının mütəmadi olaraq qanvermə aksiyaları təşkil etməsi çox humanist addımdır. O deyib: “Burada toplanan qan talassemiya, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Qanvermə aksiyasının 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilməsi çox yaxşı haldır. İnsanlar bu humanist addımı yüksək dəyərləndirərək qanvermədə fəal iştirak edirlər. Biz də Milli Hematologiya və Transfuziologiya Mərkəzi adından Yeni Azərbaycan Partiyasına və aksiyada iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk”.