“Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək”.
Boyukmillet.com xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov hakim partiyanın təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir:
“Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni quruculuq tədbirləri də istər Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə və intibahına, istərsə də milli yaddaşımızın bərpasına, Azərbaycanın zəngin tarixi ənənələrinin və milli-mənəvi dəyərlərimizin dünyaya təqdim olunmasına müstəsna töhfədir”.
T.Budaqov əlavə edib ki, 30 illik işğala 44 gündə son qoyan və hazırda Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək:
“Heç şübhəsiz, Heydər Əliyev ideyalarının təntənəsi və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin real nəticəsi olan Böyük Qayıdış çoxəsrlik dövlətçilik tariximizin ən parlaq səhifələrindən birinə çevriləcək və daha güclü Azərbaycanın etibarlı bünövrəsini təşkil edəcək”.