Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının fəaliyyətinin təşkili qaydası müəyyənləşib.
Boyukmillet.com xəbər verir ki, bu partiyanın yerli təşkilatları haqqında yeni Əsasnamədə əksini tapıb.
Yerli təşkilatın fəaliyyətinin təşkili aşağıdakı kimi həyata keçirilir:
Yerli təşkilat İdarə Heyətinin qərarı ilə yaradılır, yenidən təşkil və ləğv olunur. YAP ləğv olunduğu halda partiyanın yerli təşkilatları da ləğv edilir.
Yerli təşkilatın fəaliyyətinə yerli təşkilatın sədri rəhbərlik edir.
Yerli təşkilatın sədri İdarə Heyətinin qərarı ilə vəzifəyə təyin və vəzifədən azad edilir. Yerli təşkilatın sədri qanunvericiliyin, YAP Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər. Yerli təşkilat sədrinin vəfat etdiyi və ya YAP-da üzvlüyünə xitam verildiyi halda o, yerli təşkilatın sədri vəzifəsindən azad edilmiş hesab olunur. Yerli təşkilat sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Mərkəzi Aparat rəhbərinin əmri ilə rəsmiləşdirilir.
Yerli təşkilat sədrinin bir müavini olacaq. Sədrin müavinini Mərkəzi Aparatın rəhbəri ilə razılaşdırmaqla sədr özü vəzifəyə təyin və vəzifədən azad edəcək. Sədr müavini qanunvericiliyin, YAP Nizamnaməsinin, orqanlarının qərarlarının və bu Əsasnamənin tələblərinə əsasən öz səlahiyyətlərini icra edə bilmədikdə və ya onun fəaliyyəti qeyri-qənaətbəxş hesab edildikdə o, intizam tənbeh tədbiri olaraq vəzifəsindən azad oluna bilər.
Yerli təşkilatın cari fəaliyyəti onun Aparatı (bundan sonra – Aparat) vasitəsi ilə həyata keçirilir. Aparata rəhbərliyi yerli təşkilatın sədri həyata keçirir.
Sədr, onun müavini və Aparatın digər işçiləri əsas iş yeri üzrə yerli təşkilatda çalışırlar və buna görə əməkhaqqı alırlar.
Aparat işçilərinin vəzifələrə görə əməkhaqlarını YAP-ın Sədri təsdiq edir.