Cümə , 29 Mart 2024
Drone Cameras

YAP yenə qurultay keçirəcək: partiyada nələr baş verir?

AZƏR NİFTİYEV YAZIR:

Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirildi. Əslində bu, gözlənilən idi. O səbəbdən ki, ölkədə bütün sahələrdə aparılan dəyişikliklər YAP-dan yan keçə bilməzdi və hakim partiyanın “köhnə şinel”dən xilas olması tarixi zərurət idi. İqtidarın siyasi elitası dəyişməli, partiyanın aynası rolunda çıxış edən “vitrin” yenilənməli idi.

Bəzi ekspertlər partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olmadığını, kosmetik addımlar atıldığını iddia etsələr də, görünən odur ki, kifayət qədər mühüm qərarlar verilib. Yaxud partiyada dərin islahatların bünövrəsi qoyulub. YAP-ın 4 sədr müavinindən ikisi – Akif Əlizadə və Əli Həsənov vəzifəsindən azad edildi. Onlar nəinki yenidən sədr müavini ola bilmədilər, qurultaylararası dövrdə YAP-a rəhbərlik edən quruma – İdarə Heyətinə də seçilmədilər. Yəqin ki, partiyanın rəhbər orqanlarından xaric ediləcək şəxslərin siyahısı uzun olacaq. İcra katibliyi insitutu ləğv edilib və Mərkəzi Aparatla əvəzlənib. Mərkəzi Aparatın isə yalnız sədrinin adı ictimaiyyətə məlumdur. Artıq müəyyən struktur islahatların həyata keçiriləcəyi, misal üçün Qadınlar Şurasının fəaliyyətinə xitam veriləcəyi, onun müvafiq şöbə qismində fəaliyyət göstərəcəyi rəsmi şəkildə etiraf olunub.

Bu günə qədər hakim partiyanın faktiki idarəçiliyini həyata keçirən Əli Əhmədov da proseslərdən kənarda qoyulub. Düzdür, o yenidən sədr müavini təyin edilib. Amma partiyanın icraçı direksiyası ona yox, digər sədr müavini, partiya Mərkəzi Aparatının yeni rəhbəri olaraq Tahir Budaqova həvalə edilib. Güman ki, Əli Əhmədovun YAP rəhbərliyində təmsilçiliyi nominal xarakter daşıyacaq, yəni bu müavinliyin Akif Əlizadə və Əli Həsənovun müavinliyindən heç bir fərqi olmayacaq. Necə ki, A.Əlizadənin və Ə.Həsənovun YAP sədrinin müavinləri olaraq xüsusi fəallıqları nəzərə çarpmadı. Digər Əli Həsənovun, Siyavuş Novruzovun, Hacıbala Abutalıbovun, Abel Məhərrəmovun, Nizami Xudiyevin və başqalarının yenidən İdarə Heyətinə seçilməməsi, eyni zamanda Siyasi Şuranın ləğv edilməsi ilə çoxlu YAP funksionerinin prosesdən kənarda qalması partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı sayıla bilər.

Göründüyü kimi, YAP-ın qurultayının keçirilməsində əsas məqsəd partiyanın vitrinini yenilənəmək idi və güman ki, mərhələli şəkildə buna tam nail olunacaq. Azərbaycan iqtidarı ciddi narazılıq yaratmadan, tədricən dəyişmək xəttini tutub. Ötən il biz bunu növbədənkənar parlament seçkilərində müşahidə etdik. Bir neçə gün öncə isə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayında da bu fakt tam çılpaqlığı ilə ortaya çıxdı. Qarşıdakı dövrdə partiyanın strukturları ilə yanaşı, rayon təşkilatlarında və ilk ərazi təşkilatlarında da islahatlara start veriləcək. Ehtimal ki, bu islahatların məntiqi nəticəsi olaraq bir müddət sonra Yeni Azərbaycan Partiyası daha bir növbədənkənar qurultay keçirəcək və yekunda iqtidar partiyası tam mənada islahatçı qüvvələrin nəzarətində olacaq. Son bir il ərzində Azərbaycanda gözlənilməz və sürətli qərarların qəbulu isə yaxın gələcəkdə ölkədə hansısa mühüm hadisənin baş verəcəyini göstərir. Sanki atılan bütün addımlar bu prosesə yönəlib. Görünür, nəsə baş verir. Hələlik isə bu barədə danışmaq tezdir.

YAP-ın qurultayında diqqətçəkən məqamlardan biri də altı partiyanın kollektiv şəkildə hakim partiyaya qoşulmaqla bağlı qərar vermələri oldu. Bir çoxları nəinki bu partiyaların, əksər partiyaların siyasi proseslərə təsir imkanlarının zəif olduğunu əsas gətirərək, qoşulmaq qərarının YAP-ın qurultayını rəğbətləndirmək naminə atılmış addım olduğunu bəyan etdilər. Lakin görünən odur ki, adıçəkilən partiyaların əksəriyyəti vaxtilə aktiv siyasi fəaliyyətlə məşğul olublar və ölkənin ilk qeydiyyatdan keçmiş partiyalarıdır. Yəni, tarixi keçmişləri var.

Azərbaycan Kəndli Partiyasının rəhbəri Feyruz Mustafayev olub. O Feyruz Mustafayev ki, Baş nazirin birinci müavini vəzifəsində çalışıb və Baş nazirin səlahiyyətlərini icra edib. Eyni zamanda Qaçqınlar komitəsinin sədri və Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti işləyib. Düzdür, onun vəfatından sonra son illər bu partiya faktiki olaraq fəaliyyətsiz idi, ancaq tarixi baxımdan əhəmiyyətli partiyalardan biri idi.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasını Mahmud Məmmədov ərsəyə gətirib. Ölkədə sahibkarların birləşdiyi ilk siyasi platforma olan bu partiyanın qurucusu həm də “Günay Bank”ın sahibi və sonradan fəaliyyətinə xitam verilən ilk özəl televiziyalarından birinin – “BMT TV” nin təsisçisi idi. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da vaxtilə bu partiyanın rəhbərliyində təmsil olunduğu deyilir. M.Məmmədovdan sonra bu partiyaya Qasım Qasımov adlı şəxs rəhbərlik etsə də, faktiki olaraq bu siyasi təşkilat fəaliyyətsiz idi. Nəzərə alanda ki, partiya əsasən iqtisadi yöndə ixtisaslaşıb və Q.Qasımovun bu günə qədər aktiv siyasi fəaliyyəti müşahidə edilməyib, bu partiyadan da gözləntilər böyük deyil.

Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub. Onun rəqibi və seçkilərin qalibi Əbülfəz Elçibəy mətbuata açıqlamasında demişdi ki, o özünə deyil, Rafiq Turabxanoğluna səs verib. Bu açıqlama o zaman böyük rezonans doğurdu və R.Turabxanoğlu cəmiyyətdə populyarlıq qazanmağa başladı. Lakin R.Turabxanoğlu artıq kifayət qədər yaşlanıb və onun yeni siyasi sistemə inteqrasiya edəcəyi gözlənilən deyil.

Yurddaş Partiyası Azərbaycan müxalifətinin ən fəal partiyalarından olub. Partiyanın sədri Mais Səfərli 33 saylı Xətai seçki dairəsindən Milli Məclisin deputatı olub. Bir neçə ay öncə koronavirus səbəbindən dünyasını dəyişib və vəfatından sonra partiyanın başına bacısı gətirilib. Bu partiyanın M.Səfərlinin vəfatından sonra öz missiyyasını başa vurduğu güman edilir.

Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov müxtəlif iqtidaryönlü siyasi birliklərdə təmsil olunub və müstəqil partiya rəhbəri olsa da, əsasən iqtidarı müdafiə etməklə diqqət çəkib. Ana Vətən, Sosial Rifah, Azərbaycan Naminə Alyans, Demokratik Maarifçilik və s. partiyalar kimi. Lakin bu partiyanın sədri S.Cəfərov son dövrlər siyasi fəaliyyətinə ara vermişdi. Bunun əsas səbəbi onun yaşlanması və əsas diqqətini elmi fəaliyyətinə yönəltməsi ilə bağlıdır. Bu mənada onun da yenidən aktiv siyasi fəaliyyətə dönəcəyi gözlənilmir.

Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bu partiya sədrliyinə gələnə qədər ölkənin ən böyük gənclər təşkilatlarından olan – “Türk Millətçi” Gənclər Təşkilatına rəhbərlik edib. Bu təşkilatda hazırda yüksək dövlət vəzifələrində çalışan, diplomatik korpuslarda, ictimai birliklərdə, mətbuat orqanlarında söz sahibi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda nüfuzlu simalar təmsil olunub. Partiya sədri olaraq dövrünün ən məşhur siyasi platforması sayılan – “Bizim Azərbaycan” blokunun yaradıcılarından biri və sonradan rəhbəri olub. Əslən Cənubi Azərbaycandan olan Vüqar Oruc son dövrlər müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinidir.

Məlumatlara görə, 45 yaşlı keçmiş partiya sədri son dövrlər iqtidarı müdafiə edərək, açıq şəkildə islahatçı komandanı dəstəkləyirdi. Bu xüsusda onun YAP rəhbərliyində irəli çəkilməsi gözləniləndir. O səbəbdən ki, digər partiya sədrlərindən fərqli olaraq Vüqar Oruc gəncdir və həm iqtisadi, həm də siyasi sahədə təcrübə qazanıb. Eyni zamanda qeyd etdiyimiz kimi, son dövrlər islahatçı komandanı dəstəkləyirdi və YAP-a qoşulma qərarını da məhz bu səbəbdən verdiyi iddia olunur.

Bütün hallarda Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay qərarı gözlənilən idi. Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın siyasi sistemi yeni modelə transformasiya olunur və bunun əyani təzahürləri ortadadır. Müxalif deputatların Milli Məclisin rəhbərliyində yer alması da dövlət başçısının istəyi ilə baş verirdi. Çünki Parlament çoxluğu onun rəhbəri olduğu partiyaya məxsusdur. Və məhz bu çoxluq müxalif deputatların parlament rəhbərliyinə gətirilməsini dəstəklədi. Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması, şöbənin rəhbərliyinə dövlət idarəçiliyində böyük təcrübəyə malik Ədalət Vəliyevin gətirilməsi, partiyalarla davamlı əlaqələrin qurulması, yeni siyasi sistemin xəritəsinin cızılması hakim partiyanın da fəaliyyətinə təsirsiz ötüşməməli idi və son qurultay qərarı digər səbəblərlə yanaşı, həm də bilavasitə bununla bağlıdır.

Yeni Azərbaycan Partiyasında təkcə şəxslərin əvəzlənməsi yox, həmçinin instusional islahatlar həyata keçirilməlidir. Bu islahatlar partiyanın cəmiyyətdə mövqeyinin güclənməsində, üzvlər arasında mükəmməl kordinasiya mexanizmlərinin tətbiqində, eyni zamanda yeni simaların rəhbərliyə gətirilməsində öz əksini tapmalıdır. Heç bir oliqarx-məmur qruplaşmasında yer almayan, hansısa kənar təsirlərin diqtəsi ilə deyil, məhz insanların qabiliyyətinə və fərdi bacarıqlarına görə qiymətləndirilməsi bu partiya haqqında illərdir cəmiyyətdə dolaşan neqativ fikirləri aradan qaldıra bilər. Nəzərə alanda ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük siyasi partiyadır və öz sıralarında yüzminlərlə üzvü cəmləşdirir, bu konteksdən yanaşsaq, mütləqdir ki, hakim partiya sözün yaxşı mənasında öz fəaliyyətində inqilabi dəyişikliklər etsin. Əks halda cəmiyyətin, o cümlədən yüzminlərlə partiya üzvünün ümidləri boşa çıxacaq və bu ilk növbədə Yeni Azərbaycan Partiyasının maraqlarına uyğun gəlmir.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …