Çərşənbə axşamı , 21 May 2024
Drone Cameras

Yardım kampaniyasına Azərbaycan vətəndaşları eyni ürək yanğısı və sevgisi ilə qoşulurlar

Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələ Azərbaycan xalqını da dərindən sarsıtdı. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı həm xoş günlərdə, həm də acı günlərdə özünü daha da bariz formada göstərir. Qırx dörd günlük Vətən müharibəsində qardaş Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək Azərbaycan xalqının hər zaman yaddaşında qalacaq. Sözsüz ki, bu qardaş dövlətlərin strateji tərəfdaşlığının ən yüksək səviyyəyə çatmasında prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri olub. Bu əlaqələrin inkişafında, xüsusən həssas məsələlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolu və xidməti danılmazdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O bildirib ki, Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması və zərərçəkən şəxslərə dəstək göstərilməsi istiqamətində Azərbaycan dövləti və xalqı tərəfindən müxtəlif aksiyalar həyata keçirilməkdədir. Bu dəstək aksiyasının geniş miqyas almasında və davam etməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolu vardır. Mehriban Əliyevanın başsağlığı və həmçinin daha sonra bu prosesdə fəal iştirak edən şəxslərə təşəkkür müraciəti Azərbaycan vətəndaşının daha da sıx səfərbər olmasına şərait yaratdı.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu çətin vaxtda xalqımızın səfərbər olaraq, Türkiyəyə göstərdiyi dəstək Azərbaycan xalqının ən ali hisslərə malik olmasını göstərdi. Maddi yardım göstərən şəxslər, eyni zamanda, hazırda təbii fəlakət zonasında çalışan xilasedicilərimiz, tibb işçilərimiz, diplomatlarımız, media nümayəndələrimiz bu fədakarlıqları könüldən edir və ağır gündə qardaş Türkiyənin yanında olmağı özlərinə mənəvi borc bilirlər. Xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmliyinin və əbədiliyinin əyani sübutudur.

“Birinci vitse-prezident Mehriban Əliyevanın Türkiyəyə hərtərəfli dəstək istiqamətində fəaliyyəti və müraciəti Azərbaycanın böyük şirkətlərinin dövlətimizin siyasətinə uyğun olaraq daha da böyük qüvvə sərf etməsini ehtiva etdi. Həmin şirkətlər tərəfindən böyük məbləğdə yardımlar Türkiyənin müvafiq qurumlarının hesabına köçürülməkdədir. Sözsüz ki, bu yardım kampaniyasına Azərbaycanın bütün vətəndaşları eyni ürək yanğısı və sevgisi ilə qoşuldu. Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətində məhz bu həssas məqam xüsusi yer almışdır: “Ölkəmizdə başlanılmış yardım kampaniyasına qoşulan hər bir soydaşımıza, yerli şirkət və təşkilatlara, xüsusilə yardımtoplama məntəqələrində gecə-gündüz var gücü ilə işləyən könüllülərə, polislərə, bir sözlə qardaş Türkiyə xalqının yanında olmağa çalışan hər kəsə minnətdaram!”. Müraciətdə də qeyd olunduğu kimi, insanlarımız gecə-gündüz var gücü ilə Türkiyənin yanındadırlar”, – deyə C.Hüseynzadə diqqətə çatdırıb.

Check Also

Milli QHT forumunun keçirdiyi qurultay etirazla qarşılandı – QEYRİ-OBYEKTİV

QHT rəhbəri Samir Adıgözəlli qeyd edir ki, “Sonuncu qurultay 2016 ildə keçirilmişdir və nəhayət 8 …