Yevlaxda Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “ Xocalı soyqırımı tarixi qan yaddaşımızdır” adlı tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələrdən olan Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş “Haray Xocalım, haray” adlı əbədi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda rayon məktəbliləri arasında “Xocalı soyqırımı əsrin faciəsidir” adlı keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə fəxri fərmanlar təqdim olunub.