Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.
“Boyukmillet.com”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk görüşündə “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Hazırda “qartallar” 31 xalla 3-cü, “gənclik şəhəri” təmsilçisi 13 xalla 7-ci pillədə qərarlaşıb.
Komandalar Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Bunların 12-də meydan sahibləri, 6-da qonaqlar meydanı üç xalla tərk ediblər. Topların nisbətində də “Zirə” üstündür – 33:21. Paytaxt klubu son 5 oyunda rəqibinə uduzmayıb. “Sumqayıt” isə son 4 qarşılaşmada qol vura bilməyib.
Günün ikinci matçında son çempion “Neftçi” “Səbail”lə qarşılaşacaq. Görüş öncəsi “ağ-qaralar” 28 xalla 4-cü, “dənizçilər” 11 xalla sonuncu – 8-ci yerdədir. Paytaxt təmsilçiləri çempionatda 17 dəfə qarşılaşıblar. 12 dəfə meydan sahiblər, 2 dəfə qonaqlar qələbə qazanıb. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var – 38:11.
Bu oyunlarda meydan sahiblərindən “Neftçi” qalib gəldiyi halda, “Zirə” uduzsa, 3-cü pilləni şəxsi matçlardakı üstünlüyünə görə “ağ-qaralar” ələ keçirəcək. Qonaqlara gəldikdə, “Səbail” qələbə qazanacağı, “Sumqayıt” isə məğlub olacağı təqdirdə, “dənizçilər” sonuncu pillədən qurtulacaq və hazırkı yerini “gənclik şəhəri” təmsilçisinə ötürəcək.
Azərbaycan Premyer Liqası, XVIII tur
5 mart (şənbə)
17:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Zirə İdman Kompleksinin stadionu
19:15. “Neftçi” – “Səbail”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”
Qeyd edək ki, XVIII tura martın 6-da oynanılacaq “Keşlə” – “Sabah” və “Qarabağ” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.